Aİ-də xarici siyasətlə bağlı mühüm təklif
Avropa İttifaqının 11 ölkəsi xarici siyasət qərarlarında yekdillik prinsipindən imtina edilərək ixtisaslı səs çoxluğu sisteminə keçidin mümkünlüyünün araşdırılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, “Euronews” bu barədə məlumat yayıb.
Avstriya, Danimarka, Belçika, Finlandiya, Fransa, Almaniya, Lüksemburq, Niderland, Rumıniya, İspaniya və İsveç Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın adına göndərilən birgə məktubu imzalayıb.
Ölkələr hesab edir ki, ayrı-ayrı üzv dövlətlərin veto hüququndan istifadə etməsi Aİ-nin beynəlxalq arenada operativ və vahid mövqe ortaya qoymaq imkanlarını zəiflədir. Onların fikrincə, konsensus Aİ-nin legitimliyi üçün vacib olsa da, bu prinsip birgə fəaliyyətin qarşısını almamalıdır.
Təklifə əsasən, xarici siyasət sahəsində qərarların qəbulunda konstruktiv bitərəfliyin daha geniş tətbiqi, xarici siyasət məsələlərinin bir-biri ilə əlaqəsi olmayan digər mövzularla bağlanmaması və Aİ müqavilələrində nəzərdə tutulan imkanlardan istifadə etməklə yekdillikdən ixtisaslı səs çoxluğuna keçidin araşdırılması nəzərdə tutulur.
Hazırda Aİ-nin xarici siyasəti üzrə qərarlar yekdillik əsasında qəbul edilir. Bu isə üzv dövlətlərdən birinə digər 26 ölkənin mövqeyini bloklamaq imkanı verir.
Reformanın tərəfdarları bildirirlər ki, ixtisaslı səs çoxluğu qərarların daha sürətli qəbuluna və ayrı-ayrı ölkələrin veto imkanlarından istifadəsinin məhdudlaşdırılmasına şərait yarada bilər. Bununla belə, bəzi üzv dövlətlər yekdillik prinsipini milli maraqlarını qorumaq üçün mühüm təminat hesab edir.
Məsələnin həlli üçün Aİ müqavilələrinin 31-ci maddəsində nəzərdə tutulan “passerelle” mexanizmindən istifadə imkanları da müzakirə olunur. Bu mexanizm müəyyən sahələr üzrə yekdillikdən ixtisaslı səs çoxluğuna keçidi mümkün edə bilər. Lakin belə dəyişiklik üçün ilkin olaraq yekdil razılıq tələb olunur.
Almaniya Aİ-nin xarici siyasətində islahatların aparılmasını dəstəkləyən əsas ölkə kimi çıxış edir. Fransa və Almaniya, həmçinin Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın rolunun gücləndirilməsi ilə bağlı plan irəli sürüblər.
16:56 01.09.2026
Oxunuş sayı: 45