Rusiyanın 2026-cı il neft hasilatı proqnozu azaldılıb
Rusiyanın 2026-cı il üçün neft hasilatı proqnozu 494,2 milyon tona endirilib ki, bu da son 17 ilin ən aşağı göstəricisi olacaq.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Rusiya hökumətinin büdcə hazırlığında istifadə olunan yeni proqnozuna əsasən, 2026-cı ildə ölkədə gündəlik neft hasilatının təxminən 9,88 milyon barel təşkil edəcəyi gözlənilir. Bu göstərici 2009-cu ildən bəri ən aşağı səviyyə olacaq.
Hökumət 2026–2029-cu illər üzrə neft hasilatı proqnozlarını may ayında açıqlanan əvvəlki hesablamalarla müqayisədə 16–20 milyon ton azaldıb. 2026-cı ildə hasilatın əvvəlki illə müqayisədə 17,2 milyon ton azalacağı proqnozlaşdırılır.
Proqnozun aşağı salınmasına Ukraynadakı müharibənin yaratdığı nəticələr, Rusiyanın neft ixracına tətbiq olunan məhdudiyyətlər, ixrac marşrutlarında yaranan problemlər və ölkənin neft emalı zavodlarına PUA hücumları təsir göstərib. Reuters-in məlumatına görə, hücumlar bir sıra emal müəssisələrinin fəaliyyətində fasilələrə və ölkə daxilində yanacaq çatışmazlığına səbəb olub.
Bununla yanaşı, Rusiyanın xam neft ixracının 2026-cı ildə 244,7 milyon tona çatacağı gözlənilir. Bu, 2025-ci ildəki 230,8 milyon tonla müqayisədə artım deməkdir. Neft emalı zavodlarında yaranan problemlər səbəbindən Rusiya daha çox xam nefti, əsasən Çin və Hindistana yönəldir.
Neft məhsullarının ixracında isə əks istiqamətdə dəyişiklik gözlənilir. Reuters-in yazdığına görə, 2026-cı ildə bu göstəricinin 27,3 milyon ton azalaraq 98,5 milyon tona düşəcəyi proqnozlaşdırılır.
Yeni proqnoz hələ yekun deyil və sentyabrın sonunda təsdiqlənməsi gözlənilir.
17:12 01.09.2026
Oxunuş sayı: 46