ŞƏT və Orta Dəhliz - Azərbaycanın artan strateji rolu
Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust–1 sentyabr tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğızıstana işgüzar səfəri ölkənin xarici siyasət gündəmində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Səfər Azərbaycanla ŞƏT arasında əməkdaşlığın inkişafı, eləcə də təşkilata üzv, müşahidəçi və tərəfdaş dövlətlərlə əlaqələrin genişləndirilməsi baxımından diqqət çəkir. Azərbaycan 2016-cı ildən ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Təşkilat təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-logistika, enerji, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığı təşviq edir. Azərbaycanın Orta dəhlizdə mühüm mövqeyə malik olması ŞƏT çərçivəsində nəqliyyat və bağlantı layihələri baxımından ölkənin əhəmiyyətini artırır. Eyni zamanda, Çin, Qazaxıstan, Qırğızıstan və digər üzv dövlətlərlə mövcud münasibətlər əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün imkanlar yaradır. Xüsusilə Azərbaycan-Çin münasibətlərinin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu baxımdan mühüm amillərdən biridir. Regionda sülh və sabitliyin təmin olunması isə nəqliyyat, enerji və ticarət layihələrinin davamlı inkişafı üçün əsas şərtlərdən biri hesab olunur.
Milli Məclisin deputatı Zaur Şükürov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlıq imkanları genişdir:
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir ay öncə Qırğız Respublikasına dövlət səfərinin ardınca 31 avqust–1 sentyabr tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün yenidən bu ölkəyə işgüzar səfərinin həyata keçirilməsi ölkə başçımızın uğurlu xarici siyasət kursu çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatda faydalı müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İlk öncə “Şanxay beşliyi” formatında əməkdaşlıq platforması olaraq fəaliyyətə başlayan ŞƏT Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistanın iştirakı ilə 15 iyun 2001-ci ildə Şanxay şəhərində rəsmi təsis edilib. Sonrakı illərdə Avrasiya materikinin digər ölkələri də bu təşkilata maraq göstərib. Hazırda Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan təşkilatın tamhüquqlu üzvləridir. Azərbaycan isə təşkilatda tərəfdaş statusuna malikdir.
Fəaliyyət istiqamətləri əsasən təhlükəsizlik, ticarət-iqtisadiyyat, nəqliyyat-logistika, bağlantılar, eləcə də mədəni və humanitar sahələr üzərində formalaşan ŞƏT-in məqsədləri sırasında regional sülh, sabitlik və inkişaf, üzv dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq, BMT Nizamnaməsinə, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi mühüm müddəalar yer alır.

Azərbaycanın ikitərəfli və çoxtərəfli müstəvilərdə qeyd olunan sahələr üzrə beynəlxalq miqyasda fəal aktorlardan biri kimi çıxış etməsi, ŞƏT-in üzv, müşahidəçi və tərəfdaş statusunda olan dövlətlərinin əksəriyyəti ilə qarşılıqlı səmərəli əməkdaşlığın mövcudluğu, bəziləri ilə hətta dostluq, müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin qurulması, xüsusilə də ölkəmizin Orta dəhlizdə yerləşən “açar” dövlətlərdən biri olması bu platforma çərçivəsində əməkdaşlığın əhəmiyyətli ola biləcəyini deməyə əsas verir.
Digər vacib məqamlardan biri də ŞƏT-də əsas üzvlərdən biri olan, davamlı inkişaf edən güclü iqtisadiyyata malik Çin Xalq Respublikası ilə ölkəmiz arasında son illər münasibətlərin daha da dərinləşməsidir. Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev ŞƏT-in əvvəlki sammitlərində də iştirak edib. Dövlət başçımız Azərbaycan-Çin münasibətlərinin dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Heç şübhəsiz, regional əməkdaşlıq, xüsusilə də nəqliyyat, bağlantılar, investisiya, ticari-iqtisadi əlaqələrin davamlılığı və səmərəliliyi üçün ən vacib məqamlardan biri sülh və sabitlikdir. Bu baxımdan, Azərbaycanın sülh gündəliyi əsasında Ermənistanla normallaşma prosesi istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunması regionun inkişafı üçün geniş imkanlar açır.
Bu xüsusda, normallaşma prosesi çərçivəsində Orta dəhlizin mühüm hissəsi olan Zəngəzur dəhlizinin və bu layihənin vacib seqmenti TRIPP-in yaxın illərdə fəaliyyətə başlaması gələcəkdə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində səmərəli nəqliyyat və fiber-optik bağlantıların həyata keçirilməsi, enerji, o cümlədən “yaşıl enerji”nin ötürülməsində əhəmiyyətli rol oynayacaq.
İnanırıq ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən enerji və nəqliyyat strategiyası və Prezident cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların və maliyyə institutlarının maraq göstərdiyi qlobal təşəbbüslər və layihələr nəinki ölkəmizin, eyni zamanda bölgəmizin inkişafına, regional əməkdaşlığa, sülh və sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək.”
Zeynəb Həsən
17:45 01.09.2026
Oxunuş sayı: 49