Toy edənlərin diqqətinə - Toylar iki saata yekunlaşacaq
Toy mərasimləri bir çox ailə üçün həm sosial, həm də maddi baxımdan böyük məsuliyyətə çevrilib. Ənənəvi olaraq sevinc və birlik rəmzi hesab edilən toylar son illər bəzi ailələr üçün ciddi maliyyə yükü yaradır. Təmtəraqlı toy keçirmək, çoxsaylı qonaqlar dəvət etmək, bahalı şadlıq sarayları seçmək və müxtəlif əlavə mərasimlər təşkil etmək istəyi ailələri imkanlarından artıq xərcləməyə, hətta borca girməyə məcbur edir.
Bəs toy xərcləri niyə ailələr üçün böyük problemə çevrilir və insanlar nə üçün təmtəraqlı toylar üçün borca düşür?
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, toy mərasimləri ətrafında yaranan bir çox adətlər sonradan ənənəyə çevrilir:
“Bu, çox aktual mövzudur və mövzu ona görə də aktualdır ki, toy mərasimləri ətrafında bir çox adətlər yaranır ki, sonra onlar ənənəyə çevrilirlər. İnsanların hamısının borca düşdüyünü demək olmaz. Ancaq demək olar ki, borca düşənlər də çoxdur, kifayət qədərdir. Məsələ burasındadır ki, toy adətləri sanki bir yarışa çevrilib. Onun keçirilməsi ətrafındakı prosedurlar sanki bir yarışa çevrilib və demək olar ki, indi faktlar ondan ibarətdir ki, hətta, məsələn, kənd yerlərində öz həyət-bacalarında xeyir-iş, toy mərasimi qururdularsa, indi onlar da uzaq kənddən rayon mərkəzindəki şadlıq evinə üz tuturlar. Və bu insanların həm toyda gəlib-gedənlərin iştirakı, həm də əlavə xərclər yaradır. Bakı şəhərində isə toy mərasimlərinin həddən artıq, eyni saatlara təsadüf etməsi, axşam saatlarına düşməsi də böyük tıxaclar yaradır. İlk növbədə toy mərasimlərini həm də toyda iştirak edənlər, həm də toy sahibi üçün xərclərin çox və əziyyətli olmaması lazımdır ki, toy mərasimləri yaxın dostlar və ailə üzvləri arasında bir yerə dəvət etməklə, ən yaxın adamlar ətrafında, qadın-kişi olmaqla 100 nəfərdən artıq olmamaq şərtilə, müəyyən saat məhdudiyyətində, məsələn, iki saat ərzində yekunlaşsın. Yaxşı olar ki, bu toy mərasimləri ümumiyyətlə ayaqüstü keçirilsin və şənbə-bazar günləri toy mərasimləri gündüz saatlarında da müəyyən olunsun. Belə olan halda bir çox şadlıq evləri ki, var, onlar şəhər mərkəzindədir, onlar gündüz saatlarında, şənbə-bazar günləri toy mərasimlərini keçirsinlər. Və bütün bunların hamısı, təbii ki, bu cür tədbirin keçirilməsinə öz müsbət təsirlərini göstərəcək. Xüsusən də nəzərə almalıyıq ki, insanlar ilk növbədə fikirləşməlidirlər ki, mən toya əgər 300-400 nəfər çağırıramsa, bu 300-400 nəfər adamın toyunda da iştirak etməliyəm. Ona görə də yaxşı olar ki, hər bir şəxs toya dəvət etdikdə maksimum 50-60 nəfər şəxs dəvət etsin. Onlar da öz həyat yoldaşı ilə və yaxud tək gələrlər, bu onların öz qərarıdır. Yəni yaxın dostlardan və yaxın qohumlardan ibarət olmaqla 60-70 nəfər dəvət etməklə toylarını keçirsinlər. Və bu, daha onların gələcəkdə də və bütövlükdə toy mərasimi yükünün ağırlığından xilas etmiş olardı”.

H.İbrahimov qeyd edib ki, mərasiminin ətrafında yaranan məqamlardan biri də ondan ibarətdir ki, çoxlu adətlər var ki, toya qədər və toydan sonra bunları da aradan qaldırmaq lazımdır: “Bir çox vətəndaşlar bunları da hətta şadlıq evlərində keçirirlər. Bunları da aradan qaldırmaq lazımdır. İstənilən halda toy mərasimi insanlar üçün rahatlıq və komfort şəraitində keçirilməlidir. Yəni insanlar, vətəndaşlar özləri buna qərar verməlidirlər”.
Zərnigar Hüseynli
18:30 01.09.2026
Oxunuş sayı: 85