Ərdoğan: Müdafiə alyansı regional və qlobal SÜLHƏ xidmət edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan Məkkə Müdafiə İttifaqının regional və qlobal sülhə töhfə verəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT+” formatında dövlət başçıları toplantısında çıxışı zamanı danışıb.
Ərdoğan bildirib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı Məkkə Müdafiə İttifaqı regional məsuliyyət və kollektiv çəkindirmə prinsipləri əsasında fəaliyyət göstərəcək. Onun sözlərinə görə, yeni müdafiə mexanizmi həm regionda, həm də qlobal miqyasda sülh və sabitliyin təmin olunmasına əhəmiyyətli töhfə verə bilər.
İttifaq çərçivəsində üç ölkənin müdafiə sahəsində əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulur. Tərəflər avqustun 7-də imzalanan birgə müdafiə sazişi ilə hər hansı üzv dövlətə qarşı silahlı hücumu bütün tərəflərə qarşı hücum kimi qiymətləndirmək və kollektiv çəkindirməni gücləndirmək barədə razılığa gəliblər.
Ərdoğan çıxışında Qəzza və Livandakı vəziyyətə də toxunub. O, İsrailin hücumları nəticəsində Qəzzada 74 min insanın, o cümlədən qadın və uşaqların həyatını itirdiyini bildirib və regiondakı qarşıdurmaların davam etməsinin bütün bölgəyə mənfi təsir göstərdiyini vurğulayıb.
Türkiyə Prezidenti əlavə edib ki, aqressiv siyasətin nəticələrini bütün region ödəyir.
16:32 01.09.2026
Oxunuş sayı: 51