Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi
Peruda 35 yaşlı anestezioloq-həkim Xunior Conatan Rodriges Arista 24 yaşlı sevgilisi Şarol Abiqaill Kortes Krusu qətlə yetirməkdə şübhəli bilinərək doqquz ay müddətinə həbs edilib. Tibb bacısı kimi çalışan gənc qadın, həmçinin 2024-cü ildə regional "Miss Carnaval Utcubamba" gözəllik müsabiqəsinin qalibi olmuşdu.
Crossmedia.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Gənc qadının cansız bədəni oktyabrın 4-də Baqua-Qrande şəhərində sevgilisi ilə birlikdə yaşadıqları mənzildə aşkarlanıb. Həkim özü hüquq-mühafizə orqanlarına müraciət edərək, sevgilisini evdə ölü tapdığını bildirib. O, ilk ifadəsində qadının intihar edə biləcəyini iddia etsə də, mərhumun ailə üzvləri bu ehtimalı qəti şəkildə rədd edərək dəqiq araşdırma aparılmasını tələb ediblər.
Nəşrin məlumatına görə, polis hadisə yerinə baxış keçirərkən fentanil, midazolam və propofol kimi güclü təsirə malik dərman vasitələri tapıb. Qızın ailəsi hesab edir ki, şübhəli şəxs peşəsindən istifadə edərək bu preparatları asanlıqla əldə edə bilib. Bununla belə, ilkin tibbi ekspertiza ölümün dəqiq səbəbini müəyyənləşdirə bilməyib.
Mərhumun yaxınlarının sözlərinə görə, cütlüyün münasibətləri dövründə qız həm fiziki, həm də psixoloji təzyiqlərə məruz qalıb. Bacısının bildirdiyinə görə, faciədən bir müddət əvvəl Şarolun bədənində göyərmələr, dişləmə izləri və qeyri-adi yuxululuq halları müşahidə olunub.
Hazırda istintaq bu iddiaları, eləcə də müşahidə kameralarının qeydlərini, telefon məlumatlarını və ekspertiza rəylərini yoxlayır. Oktyabrın 13-də məhkəmə prokurorluğun vəsatətini təmin edərək, şübhəli şəxs barəsində doqquz aylıq həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən həkimin vəkili bu qərardan şikayət verəcəyini açıqlayıb.

10:46 19.10.2026
Oxunuş sayı: 52