Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub.
Crossmedia.az Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə(ANAMA) istinadən məlumat verilir.
Bildirilib ki, müzakirə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov ilə NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınması bölməsinin rəhbəri Eirini Lemos-Maniatinin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyəti, Sülh və Təhlükəsizlik naminə Elm (SPS) Proqramı çərçivəsində humanitar minatəmizləmənin innovativ metodlarının tətbiqinə dair həyata keçirilən layihənin gedişatı, həmçinin yeni nəsil yüksək texnologiyaların və innovativ metodların minatəmizləmə fəaliyyətinə tətbiqinə yönəlmiş bu proqram çərçivəsində Azərbaycanın digər cari və gələcək layihələrdə iştirakı barədə müzakirələr aparılıb.
Samir Poladov minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına ciddi maneə yaratdığını, bərpa və yenidənqurma işlərini ləngitdiyini, habelə mühüm humanitar, iqtisadi və ekoloji fəsadlara səbəb olduğunu vurğulayıb.
Bundan əlavə, Samir Poladov NATO nümayəndə heyətinə ANAMA-nın həyata keçirdiyi əməliyyatlar, Göygöl Təlim Mərkəzinin fəaliyyəti, eləcə də humanitar minatəmizləmə sahəsində ANAMA-nın beynəlxalq tərəfdaşlıqları barədə məlumat verib.
16:23 01.09.2026
Oxunuş sayı: 46