İran mediası: Azərbaycan Türkiyə ilə İsrail arasındakı gərginliyə müdaxilə edib
Azərbaycanın Türkiyə ilə İsrail arasında Suriyadakı hadisələr fonunda artan gərginliyin birbaşa hərbi qarşıdurmaya çevrilməsinin qarşısını almaq üçün diplomatik səylər göstərdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, İranın “ILNA” xəbər agentliyi bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, Bakı Ankara və Təl-Əvivlə münasibətlərinə görə tərəflər arasında vasitəçilik etmək üçün əlverişli mövqedədir. İsrail diplomatik mənbələrinin də Azərbaycanın iki ölkə arasındakı fikir ayrılıqlarını azaltmağa çalışdığını bildirdiyi qeyd olunur.
Məlumata görə, son günlər Ankara və Təl-Əviv arasında Suriyadakı hərbi obyektlər, eləcə də İsrailin baş naziri Binyamin Netanyahunun Türkiyə ilə bağlı açıqlamaları fonunda gərginlik artıb.
“ILNA” Azərbaycanın bu istiqamətdəki diplomatik səylərinin 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Türkiyə və İsrail nümayəndə heyətləri arasında Bakıda keçirilən birbaşa danışıqlara ev sahibliyi etməsi ilə başladığını yazıb.
Agentlik iddia edir ki, həmin görüşlərin nəticəsində Suriyada mümkün insidentlərin qarşısını almaq məqsədilə tərəflər arasında koordinasiya mexanizmi yaradılıb.
“ILNA” həmçinin Azərbaycanın Suriyada humanitar yardım fəaliyyətini genişləndirdiyini qeyd edib.
15:36 26.08.2026
Oxunuş sayı: 51