Samsung televizorlarında kanallar silinib
Türksat 3A üzərindən yayımlanan kanalların Türksat 4A-ya keçirilməsindən sonra bəzi Samsung televizor istifadəçiləri kanal tapmaqda problem yaşamağa başlayıb.
Crossmedia.az bu barədə ˝CNN Türk˝ə istinadən xəbər verir.
15 avqust gecəsi həyata keçirilən texniki işlər nəticəsində Türksat 3A-dakı yayımlar Türksat 4A-ya köçürülüb və çoxsaylı kanallar yeni tezliklərə keçirilib. Lakin keçiddən sonra bəzi Samsung televizorlarda avtomatik kanal axtarışı zamanı 0 kanal tapıldı xəbərdarlığı görünür.
İstifadəçilər peyk və anten parametrlərinin düzgün qurulduğunu, siqnalın olduğunu, lakin axtarışın sonunda heç bir kanalın aşkar edilmədiyini bildirirlər.
Peyk rabitəsi üzrə mütəxəssis Polat Taş da Samsung televizorunda kanal axtarışını yoxlayıb. Anten tipi, TKGS və Türksat siqnalı yoxlanıldıqdan sonra belə televizor heç bir kanal tapmayıb.
Taş problemin minlərlə istifadəçiyə təsir etdiyini bildirərək, “Yüzlərlə kanal tapmalı olduğumuz halda bu Samsung televizorda sıfır kanal tapa bildik”, – deyib.
Problemin bir neçə gündür davam etdiyi, istifadəçilərin sosial şəbəkələrdə həll yolu axtardığı və Niyə problemi həll etmirlər? deyə etiraz etdikləri bildirilir.
02:40 24.08.2026
Oxunuş sayı: 150