Müharibələrin ekologiyaya görünməyən təsirləri - təbiət məhv olur
Müharibələr təkcə insanlara və infrastruktura deyil, ətraf mühitə də ciddi zərər vurur. Partlayışlar, yanğınlar, meşələrin məhv edilməsi və atmosferə böyük həcmdə tullantıların atılması ekoloji tarazlığa təsir göstərə bilər. Bəs müharibələrin iqlimə hansısa mənfi təsiri ola bilərmi? Müxtəlif fəsillərdə müxtəlif hava şəraitinin yaranmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a bildirib ki, müharibələr ətraf mühitə dağıdıcı təsir göstərir və xüsusilə Ukraynada və İran ətrafında baş verən müharibələrin ekologiyaya ciddi təsirləri var: “Ukraynadakı müharibənin əsas təsirlərindən biri meşələrin və torpaqların məhv edilməsidir. Uzun müddətdir davam edən müharibə zamanı həddindən artıq raket və mərmilərdən istifadə olunub. Milyonlarla hektar meşə örtüyü yanğınlar və bombardmanlar nəticəsində zədələnib, torpaqlar çirklənib. Ağır metallar, partlayıcı qalıqları və zəhərli kimyəvi maddələr ətrafa səpələnib. Kaxovka Su Elektrik Stansiyası kimi böyük infrastruktur obyektlərinin dağıdılması da ətraf mühitə ciddi təsir göstərib. Partlayışlar zamanı yüksək temperatur yaranır və yanma nəticəsində karbon emissiyaları əmələ gələrək atmosferə yayılır. Eyni zamanda, ağır texnikanın hərəkəti nəticəsində böyük həcmdə yanacaq sərf olunur və bu da atmosferə əlavə karbon emissiyalarının atılmasına səbəb olur. İrandakı müharibənin təsirləri isə müəyyən qədər fərqlidir. Burada əsas risklərdən biri neft infrastrukturlarının vurulmasıdır. Bu, Fars körfəzi və Xəzər hövzəsində dəniz ekosistemlərinin çirklənməsinə səbəb ola bilər. Nəticədə hava çirklənir, torpaq zəhərlənir və regional ekosistemlər üçün böhran yaranır”.

S.Həsənov qeyd edib ki, müharibələr zamanı istifadə olunan sursatların tərkibindəki ağır metallar da ətraf mühit və insan sağlamlığı üçün uzunmüddətli təhlükə yaradır:
“Güllə və mərmilərin tərkibində qurğuşun kimi zəhərli metallar olur. Qurğuşun insanın immun və sinir sisteminə zərər verə, torpaqda uzun illər qala bilər. Bundan başqa, kadmium, nikel və xrom kimi elementlərdən də hərbi texnikanın və sursatların istehsalında istifadə olunur. Bunlar insan orqanizmi və ətraf mühit üçün zərərli metal elementləridir. Güclü partlayışlar canlılar üçün də ağır şərait yaradır. Onsuz da yanacaq istehlakının həddindən artıq artması iqlim dəyişikliklərinə səbəb olur. Müharibələr isə atmosfer, torpaq və su ehtiyatları üçün əlavə təzyiq yaradır. Düşünürəm ki, yaxın vaxtlarda müharibələrin dayandırılması ətraf mühitin sabitləşməsində də əhəmiyyətli rol oynaya bilər”.
Zərnigar Hüseynli
11:30 22.08.2026
Oxunuş sayı: 58