Qara dənizdə hücuma məruz qalan tankerin 23 nəfərlik heyəti xilas edildi
Qara dənizdə pilotsuz katerlərin hücumuna məruz qalan “Aframax Rio” tankerinin 23 nəfərlik heyəti xilas edilib.
Crossmedia.az xəbər verir ki, Krasnodar vilayətinin operativ qərargahı Rusiya Nəqliyyat Nazirliyinə istinadən “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, tankerə pilotsuz katerlərin hücumu nəticəsində gəmidə yanğın baş verib. Heyətin 23 üzvünün hamısının Hindistan vətəndaşı olduğu və ilkin məlumata görə, xəsarət alan olmadığı qeyd edilib.
Hazırda Qara dənizdə tanker ətrafında neft açıq şəkildə yanır. Yanğının intensivliyi azaldıqdan və xilasedici gəmilərin təhlükəsiz şəkildə tankerin yaxınlığına yanaşması mümkün olduqdan sonra söndürmə işlərinə başlanılacağı bildirilib.
Qeyd edək ki, daha əvvəl Qara dənizdə tankerdə yanğın baş verdiyi barədə Soçi sakinləri məlumat veriblər. Şahidlərin sözlərinə görə, alov sahilin müxtəlif nöqtələrindən görünür.
Məlumata görə, tanker Novorossiyskdən Hindistana xam neft daşıyırmış və demək olar ki, tam yüklü olub.
23:52 06.10.2026
Oxunuş sayı: 54