Türkiyədə minlərlə kitabın süni intellekt üçün toplandığı üzə çıxıb
Süni intellekt şirkətlərinin Türkiyədəki kitab arxivlərinə marağı nəşriyyat sektorunda narahatlıq yaradıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” bu barədə “Süni intellekt şirkətlərinin kitab ovu” adlı araşdırma materialında məlumat yayıb.
Məlumata görə, qlobal süni intellekt şirkətlərinin Avropadan sonra Türkiyədəki kitab arxivlərinə yönəlməsi nəşriyyatçılar və bu sahənin nümayəndələri arasında müzakirə olunur.
“Nobel Akademik Yayıncılık” nəşriyyatının baş redaktoru Nevzat Argun bildirib ki, süni intellekt şirkətləri vasitəçi qurumlar üzərindən geniş akademik məlumat bazalarını toplamağa çalışır. Onun sözlərinə görə, bu proses həm nəşriyyat sektoruna, həm də elmi biliklərin istehsalına ciddi təhlükə yaradır.
Argun son dövrdə süni intellekt modellərinin öyrədilməsi üçün türkcə mənbələrə marağın artdığını və onların nəşriyyatına da bu istiqamətdə müraciət edildiyini bildirib.
Onun sözlərinə görə, Niderlandda yerləşən bir şirkət vasitəsilə “Nobel Akademik Yayıncılık”a məxsus 3 mindən çox, digər nəşriyyatlara aid isə 2-3 min kitab olmaqla minlərlə nəşrin alınması tələb olunub. Kitablardan hər birinin cəmi bir nüsxəsinin sifariş edilməsinin şübhə doğurduğunu deyən Argun, araşdırmadan sonra tələbin süni intellektin təlimi ilə əlaqəli olduğu qənaətinə gəldiklərini və bütün sifarişləri ləğv etdiklərini açıqlayıb.
Argun qeyd edib ki, proses yalnız çap kitablarının alınması ilə məhdudlaşmır. Nəşriyyatların kitablarını elektron formatda icarəyə verən rəqəmsal platformalara da müraciətlər edilib və həmin platformalardakı bütün rəqəmsal məzmunun toplu şəkildə satın alınması təklif olunub.
05:14 07.10.2026
Oxunuş sayı: 46