İqlim dəyişikliyi 46 min insanın canını aldı - nə etməli?
2026-cı il təbii fəlakətlərin yaratdığı ağır nəticələrlə yadda qalır. İlin əvvəlindən dünyanın müxtəlif bölgələrində baş verən böyükmiqyaslı təbii fəlakətlər nəticəsində artıq 43 minə yaxın insan həyatını itirib. İlk sırada Avropada müşahidə olunan anomal isti hava dayanır. Qəfil baş verən fəlakətlər arasında isə ən böyük itkiyə səbəb olan hadisə iyunun 24-də Venesuelada qeydə alınan ikiqat zəlzələ olub. Zəlzələ nəticəsində ölənlərin sayı 6509 nəfərə çatıb.
Siyahıda Kolumbiyada baş verən zəlzələ nəticəsində 331 nəfərin, Çində “May sak” tayfunu nəticəsində isə ən azı 159 nəfərin həyatını itirməsi də yer alır. Bundan başqa, Zimbabve, Keniya, Hindistan, İndoneziya, Filippin və digər ölkələrdə baş verən daşqınlar və zəlzələlər də ciddi insan tələfatına səbəb olub.
Son illərdə dünyanın müxtəlif bölgələrində sel, daşqın, torpaq sürüşməsi, intensiv yağıntılar və digər təbii fəlakətlərin sayında artım müşahidə olunur. Bu hadisələr nəticəsində xüsusilə az inkişaf etmiş, əhalinin sıx olduğu və erkən xəbərdarlıq sistemlərinin yetərincə tətbiq edilmədiyi ölkələrdə insan itkiləri daha ağır olur.
Mütəxəssislər təbii fəlakətlərin intensivləşməsini iqlim dəyişikliyi və qlobal temperaturun artması ilə əlaqələndirirlər. Mövcud şəraitdə əsas məsələlərdən biri fəlakətlərin tam qarşısını almaqdan daha çox, onların yaratdığı insan itkilərini azaltmaq və risklərə vaxtında hazırlaşmaqdır.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, təbii fəlakətlərin sayının bu qədər artması birbaşa iqlim dəyişikliyinin nəticəsidir:

“Vəziyyət belədir: doğrudan da fəlakətlərin sayı həddindən artıq çoxalıb. Bu, birbaşa iqlim dəyişikliyinin nəticəsidir. Əvvəllər də fəlakətlər olub, lakin bu miqyasda artması iqlimdə baş verən dəyişikliklərin və temperatur artımının təsiridir. İqlimdə istiləşmə gedir. Orta temperatur 1,5 dərəcəni keçib və 2 dərəcəyə qədər artmaqda davam edir.
Bununla bağlı BMT-nin son açıqlamasına görə, 2030-cu ilə qədər hər il 550-600-ə yaxın fəlakət hadisəsi proqnozlaşdırılır. Burada ən çox zərər çəkənlər az inkişaf etmiş və erkən xəbərdarlıq sistemi tətbiq olunmayan ölkələrin əhalisidir. Düşünürəm ki, artıq vəziyyət elə həddə çatıb ki, geri dönüş yoxdur. İntensiv yağışların, torpaq sürüşmələrinin, sellərin və daşqınların baş verməsi labüddür. Burada əsas məsələ insan itkisini azaltmaq üçün erkən xəbərdarlıq sistemlərinin tətbiq edilməsidir. Bu, günün ən vacib məsələlərindən biridir. Məsələn, Avropada da bu cür hadisələr baş verir, lakin insan itkisi o qədər də çox olmur. Nepalda isə əksinə, insan tələfatı çox oldu. Bu, əhalinin sıxlığının və ümumən prosesə hazır olmamanın göstəricisidir. Əhali sıxlığı və erkən xəbərdarlıq sisteminin olmaması itkilərin sayını artırır. Bu səbəbdən erkən xəbərdarlıq sistemlərinin dünyanın hər yerində quraşdırılması günün vacib tələbidir”.
Zeynəb Həsən
17:30 04.09.2026
Oxunuş sayı: 38