Kiçik bir zəlzələdə bu stansiyada güclü partlayış olacaq
Ermənistanın enerji sistemində mühüm yer tutan Metsamor Atom Elektrik Stansiyası ölkənin elektrik enerjisi təminatında əsas mənbələrdən biri hesab olunur. Ermənistanın neft və qaz ehtiyatlarının olmaması, enerji resurslarının və yanacaq növlərinin idxalında xarici ölkələrdən asılılığı Metsamor AES-in ölkənin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini artırır.
Bununla yanaşı, stansiyanın yerləşdiyi ərazi və texniki vəziyyəti ilə bağlı təhlükəsizlik məsələləri uzun illərdir region ölkələri və beynəlxalq qurumların diqqət mərkəzindədir. Mütəxəssislər Metsamor AES-in fəaliyyətinin davam etdirilməsi ilə bağlı həm ekoloji, həm texniki, həm də regional təhlükəsizlik risklərinin mövcud olduğunu bildirirlər.
Ekoloq Rövşən Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Metsamor Atom Elektrik Stansiyası hazırda Ermənistanın enerji tələbatının 40 faizə qədərini qarşılayır.
“Hazırda Metsamor Atom Elektrik Stansiyası Ermənistanın enerji tələbatının 40 faizə qədərini qarşılayır ki, bu da kifayət qədər böyük göstəricidir. Ölkə neft və qaz ehtiyatlarına sahib olmadığı, qaz və digər yanacaq növlərinin idxalında isə Rusiya və digər dövlətlərdən asılı olduğu üçün enerji təhlükəsizliyi baxımından müəyyən dərəcədə müstəqillik əldə etməyə çalışır. Ermənistan rəhbərliyi bu asılılığı Metsamor AES hesabına kompensasiya etməyi hədəfləyir.

Digər tərəfdən, atom enerjisinin maya dəyəri kifayət qədər ucuz başa gəlir. Bu amil həm ölkə daxilində elektrik enerjisinin qiymətini sabit və əlçatan saxlamağa kömək edir, həm də yerli sənayenin inkişafına şərait yaradır. Lakin bu vəziyyət özlüyündə başqa bir təhlükə də ehtiva edir.
Bu, əlbəttə ki, həm geosiyasi, həm də texniki mənada Rusiyadan asılılıq deməkdir. Avropa İttifaqı, Azərbaycan, Türkiyə və qonşu ölkələr bu stansiyanın köhnəldiyini və bağlanmalı olduğunu tez-tez bəyan ediblər.
Çünki stansiya seysmik zonada yerləşir və çox təhlükəlidir. İstənilən zəlzələ nəticəsində çox böyük bir qəza baş verə bilər. Bu da həm Azərbaycana, həm də Türkiyəyə böyük təhlükələr yarada bilər.
Ona görə də Avropa İttifaqı ilə razılaşıblar ki, Metsamoru əvəz edə biləcək alternativ enerji mənbəyi tapılsın. Lakin hələlik heç nə tapılmayıb. Hərçənd hansısa şəkildə alternativ tapmaq istəyirlər, amma bununla bağlı əməli fəaliyyət və maliyyə yoxdur”.
Zeynəb Həsən
17:15 04.09.2026
Oxunuş sayı: 52