İnvestorlar üçün YENİ İMKAN
Azərbaycanın kollektor agentliyi - "KollektA" ASC nizamnamə kapitalını 205 min manat və yaxud 51 dəfə artıraraq 4,1 min manatdan 209,1 min manata çatdırmağı planlaşdırır.
Crossmedia.az bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 410 manat olan 500 ədəd yeni səhm buraxılacaq. Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Həmçinin "KollektA" "Bakı Fond Birjası" QSC-də (BFB) 5 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır. Söhbət hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək. Bu prosesin də anderrayteri "Troni İnvestisiya Şirkəti"dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "KollektA" 2024-cü ildə yaradılıb. Onun səhmdarları hər biri 40 % payla Mədəd Rüstəmov və Camal Aydınov, eləcə də 20 % payla Rəşad Səlimovdur. M.Rüstəmov eyni zamanda "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 30 %-nə, C.Aydınov isə 70 %-nə nəzarət edir. R.Səlimov isə "Neo" ASC BOKT-da 40 % pay sahibidir.
16:31 04.09.2026
Oxunuş sayı: 47