Qəzzada məcburi köçkünlərin sığındığı məktəbə hücum edildi
Qəzzada məcburi köçkünlərin sığındığı məktəbə hava zərbəsi endirilib, 3 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı”nın məlumatına görə, Qəzza şəhərinin cənub-şərqində yerləşən Zeytun məhəlləsindəki Şühəda əz-Zeytun məktəbinə endirilən zərbədən sonra Əhli Baptist xəstəxanasına 3 yaralı gətirilib.
Yaralılardan birinin uşaq olduğu və vəziyyətinin ağır olduğu bildirilib.
Qəzzada Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal bildirib ki, İsrailə məxsus pilotsuz uçuş aparatı məktəbin dəhlizini hədəfə alıb. Nəticədə 3 mülki şəxs yaralanıb.
Yerli mənbələrin məlumatına görə, məktəb Qəzzanın şərqində, Səlahəddin küçəsi yaxınlığında yerləşir və İsrail ordusunun mövqelərindən təxminən 200 metr məsafədədir.
İsrailin bu səhər Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarda 3 fələstinlinin öldüyü, çox sayda şəxsin yaralandığı bildirilib. Bundan əvvəlki bombardmanda yaralanan daha bir fələstinli isə həyatını itirib.
Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən etibarən İsrailin zolaqda həyata keçirdiyi hücumlarda 74 mindən çox fələstinli öldürülüb, 175 mindən çox insan yaralanıb, infrastrukturun isə təxminən 90 faizi dağıdılıb.
Nazirliyin məlumatına görə, 2025-ci il oktyabrın 10-da elan edilən atəşkəs razılaşmasının İsrail tərəfindən pozulması nəticəsində indiyədək 1460 fələstinli həyatını itirib, 5116 nəfər yaralanıb.
01:40 07.10.2026
Oxunuş sayı: 47