Rusiyanın sərhəd bölgəsində partlayıcı qurğularla bağlı xəbərdarlıq edildi
Rusiyanın Bryansk vilayətində meşə və tarlaların məsafədən idarə olunan partlayıcı qurğularla minalanması halları artıb.
Crossmedia.az xəbər verir ki, vilayət qubernatoru Yeqor Kovalçuk bu barədə “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, partlayıcı qurğuların içərisində akselerometr və maqnit sahəsi sensoru quraşdırılmış boruşəkilli korpus var. Bu qurğular yerə düşən zaman aktivləşir və onlara toxunulduqda partlayır. Həmçinin bir metrədək məsafədə metal əşyaların yaxınlaşması da partlayışa səbəb ola bilər.
Qubernator döyüş bölgəsinə bitişik ərazilərdə və rəsmi məhdudiyyətlərin tətbiq olunduğu zonalarda yaşayan sakinləri meşələrə getməməyə çağırıb. O, həmçinin yerli hakimiyyət orqanlarının məlumatlarını və təhlükəsizliklə bağlı operativ xəbərdarlıqları izləməyi tövsiyə edib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin volfram kürəcikləri ilə doldurulmuş sursatlardan istifadə etdiyi barədə məlumat yayılıb. Belqorod şəhər 2 saylı xəstəxananın baş həkimi Olqa Mevşanın sözlərinə görə, bu kürəciklər insan orqanizminə ciddi zərər vura, bədəndən keçərək ürəyə qədər çata bilər.
23:17 06.10.2026
Oxunuş sayı: 54