Rejissoru sənət maraqlandırır, prodüseri pul
Köhnə Azərbaycan filmləri illər keçməsinə baxmayaraq tamaşaçıların yaddaşında özünəməxsus yerini qoruyur. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə izlənilən ekran əsərləri insanlarda illər sonra belə güclü nostalji hisslər yaradır. Həmin filmlər yalnız süjet və obrazlarla deyil, keçmişdə yaşanan hiss və xatirələrlə də assosiasiya olunur. Eyni zamanda, kino sənayesində baş verən texnoloji dəyişikliklər film istehsalını daha əlçatan edib və ekran əsərlərinin sayını əhəmiyyətli dərəcədə artırıb. Müasir filmlərdə vizual imkanlar və xüsusi effektlər əvvəlki dövrlərlə müqayisədə daha genişdir. Buna baxmayaraq, köhnə filmlərin aktyor oyunu, dialoqları və dramaturgiyası tamaşaçılarda fərqli təəssürat yaradır. Kino istehsalının incəsənət və kommersiya arasında dəyişən mövqeyi də köhnə və müasir filmlər arasındakı fərqlərin əsas səbəblərindən biridir.
Crossmedia.az-a açıqlamasında kinoşünas Vüsal Məmmədov bildirib:
“Bunun səbəbləri çoxdur və onların arasında həm obyektiv məqamlar, həm də subyektiv-psixoloji amillər var. Subyektivlərdən başlasam, biz köhnə filmlərə baxanda uşaq idik, qayğısız bir həyat yaşayırdıq. Dünya daha təhlükəsiz və rahat, hisslərimiz daha kəskin, özümüz daha emosional idik. Filmin tanış atmosferi bizə həmin həyatın idilliyasını hiss etdirir. Onlara baxanda nə vaxtsa yaşadığımız gözəl hisslər yadımıza düşür. Bunu yoxlamaq çox asandır. Məsələn, bu gün də zövq aldığım “Bir qalanın sirri”, “Sehirli xalat”, “Gələcəkdən qonaqlar” kimi filmləri qızıma göstərməyə çalışanda, ona çox cansıxıcı gəlir. Çünki bu filmləri onun üçün xüsusi edən heç nə yoxdur. Digər tərəfdən, köhnə filmlər bizə tanışdır, aydındır, beynimiz onları başa düşmək üçün xüsusi yüklənmir. Bu isə beyin üçün əlavə stimuldur – təəssüf ki, beynimiz tənbəldir, düşünməyi sevmir. Çünki düşünmək enerji israf edən prosesdir. Ona görə də adətən beynimiz bundan qaçır, düşünməyi tələb etməyən işlərə yönəlir".
Ekspert daha sonra indiki məqamlardan danışıb: "İstehsal prosesi texnoloji baxımdan çətin olanda ancaq ən yaxşılar həyata vəsiqə ala bilirlər. Tutaq ki, XIX əsrdə roman çap etdirmək çətin və bahalı iş idi. Ona görə də bu baryeri ancaq Hüqo və Düma kimi ən istedadlılar aşa bilirdilər. İndi isə hamı kitab çap etdirə bilir. Ona görə də XIX əsrdə çap olunan ən zəif yazıçı bu günün ən güclü sayılanlarından daha mükəmməldir. İndi azca pulu olan hər kəs kitab çap etdirə bilir. Kinoda da buna bənzər ucuzlaşma gedib. 50-60-70-80-ci illərdə kino çəkmək çox çətin, ağır, bahalı proses idi. Kino lentinin metrlərlə ölçüldüyü vaxtlarda bu sənayeyə təsadüfi adamın düşməsi mümkün deyildi. İndi isə hər il minlərlə kino çəkilir və onların çoxu sadəcə kütləvi istehlak malıdır. Əvvəllər kinoda əsas şəxs rejissor idi, indi prodüserdir. Prodüser biznesmendir. Rejissoru sənət maraqlandırır, prodüseri pul. Nəticədə kino incəsənət aləmindən müəyyən qədər çıxaraq, əyləncə biznesinin bir hissəsinə çevrilib. Müasir filmlərdə əsas vurğu vizuallığın, görünüşün, xüsusi effektlərin üzərinə qoyulursa, köhnə filmlərdə aktyor oyunu, dialoqlar, ssenarinin dramaturji xüsusiyyətləri daha vacib meyar sayılırdı. Bu isə kinonu incəsənət nöqteyi-nəzərindən daha baxımlı və maraqlı edirdi. Bu yerdə deyim ki, mənim ən çox sevdiyim melodram 1942-ci ildə çəkilmiş “Kasablanka”dır. Onu müasir melodramlarla müqayisə edin və nə demək istədiyim aydın olacaq. Bütün bunları bir yerə toplayanda bizdə köhnə filmlərin daha munis olması təəssüratı yaranır. Amma əlbəttə ki, bu heç də müasir kinonun pis olması demək deyil. Yaxşı kino bütün dövrlərdə yaranıb və yaranacaq".
Zeynəb Həsən
20:30 21.08.2026
Oxunuş sayı: 58