Torpaq yandırılmasına qarşı qaydalar sərtləşdirilməlidir
Son dövrlərdə kənd təsərrüfatı sahələrində, xüsusilə biçindən sonra torpaqların və kövşənliyin yandırılması halları diqqət çəkir. Halbuki, sahələrin yandırılması torpağın münbitliyinin azalmasına, faydalı mikroorqanizmlərin məhv olmasına və uzunmüddətli ekoloji problemlərə səbəb ola bilər. Belə ki, yandırılan torpaqlar illərlə yararsız vəziyyətdə qalır və əkin işlərini ləngidir. Bəs hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Crossmedia.az-a bildirib ki, bitki qalıqlarının yandırılması torpaqda olan üzvi maddələrin və faydalı mikroorqanizmlərin məhvinə səbəb olur: “Əvvəla onu deyim ki, yanan ilk növbədə bitki qalıqları olur. Bu da torpaqda olan üzvi maddələrin yanmasına, daha sonra isə faydalı mikroorqanizmlərin məhv olmasına səbəb olur. Əlbəttə, bu, torpağa çox ciddi ziyan vurur. Torpağın neçə ilə bərpa olunması isə fermerin həmin sahəyə göstərdiyi qulluqdan asılıdır. Təcili olaraq üzvi və mineral gübrələr verilməli, torpağın münbitliyinin bərpa olunmasına çalışılmalıdır. Amma ümumilikdə dəyən ziyan çox böyükdür. Sonradan üzvi və mineral gübrələr verməklə torpaqda məhv olmuş faydalı mikroorqanizmlərin qısa müddətdə bərpa olunması mümkün deyil”.

V.Məhərrəmov qeyd edib ki, faydalı mikroorqanizmlərin bərpası uzun müddət tələb edir:
“Sahə, demək olar ki, yandırılır, torpağın üst hissəsindəki bitki qalıqları məhv edilir. Bu da sonrakı məhsuldarlığa ciddi təsir göstərir. Nəticədə məhsuldarlıq aşağı düşür, məhsulun keyfiyyəti pisləşir. Konkret olaraq demək mümkün deyil ki, torpaq neçə ildən sonra tam bərpa oluna bilər. Yenə deyirəm, bu, fermerin fəaliyyətindən asılıdır. Torpağı əvvəlki vəziyyətinə qaytarmaq böyük xərc, diqqət və vaxt tələb edir. Ona görə də bitki qalıqlarının yandırılmasının qarşısı alınmalıdır. Qanunlar daha da sərtləşdirilməlidir. Hətta qanunda azadlıqdan məhrumetmə cəzasının da nəzərdə tutulması mümkündür. Kim torpağı və bitki qalıqlarını yandırırsa, uzunmüddətli həbs cəzası tətbiq oluna bilər. Torpaq, bilirsiniz, istehsal vasitəsidir. O, yalnız kəndlinin və ya bələdiyyənin mülkiyyətində olan bir sahə deyil. Əgər torpaq yandırılırsa, bu, eyni zamanda ölkəmizin ərzaq təhlükəsizliyinə ciddi təhdiddir. Ona görə də hesab edirəm ki, qanunda dəyişiklik edilməli və məsuliyyət daha da sərtləşdirilməlidir. Yalnız dəymiş maddi zərəri hesablayaraq ona uyğun cərimə təyin etmək kifayət deyil. Ola bilsin ki, bitki qalıqlarını yandıraraq təbiətə və torpağa ciddi ziyan vuran şəxslər bir neçə il müddətinə azadlıqdan məhrum edilsinlər”.
Zərnigar Hüseynli
18:30 18.08.2026
Oxunuş sayı: 49