Səhranın altında gizlənən tarix: Sahara 6 min il əvvəl yaşıl cənnət imiş
Bu gün ucsuz-bucaqsız qumları ilə tanınan Sahara səhrası təxminən 6 min il əvvəl tamamilə fərqli mənzərəyə sahib olub.
Crossmedia.az xəbər verir ki, ˝Science Blog˝-un məlumatına görə, bunu göllərin dibindəki çöküntülər, qədim DNT analizləri və 15 mindən çox qayaüstü təsvir təsdiqləyir.
Həmin dövrdə bölgədə çaylar və göllər mövcud olub, begemotlar yaşayıb, maldarlıqla məşğul olan insanlar isə sürülərini yaşıl savannalarda otarıblar.
Alimlərin fikrincə, Yaşıl Sahara dövrü təxminən 11-5 min il əvvəl davam edib. Həmin vaxt Qərbi Afrika mussonları indiki sərhədlərindən daha şimala qədər yayılıb. Liviya ərazisindən Malinin bəzi hissələrinə qədər meşəli savannalar, mövsümi bataqlıqlar, çaylar və göllər yerləşib.
Elmi araşdırmalar zamanı Qərbi Afrika sahillərindəki dəniz çöküntülərində küləklə daşınan tozun kəskin azalması müəyyən edilib. Bu isə bölgənin səhradan fərqli olaraq sıx bitki örtüyünə malik olduğunu göstərir.
Göl çöküntülərində müasir quraq iqlim şəraitində yaşaya bilməyən ot və ağacların tozcuqları aşkarlanıb. Qurumuş çay yataqlarında isə begemot və timsah qalıqları tapılıb.
Araşdırmalara görə, Saxaranın yaşıllaşması dövri xarakter daşıyıb. Alimlər son 8 milyon il ərzində 230-dan çox belə epizod qeydə alıblar. Bu proseslər təxminən hər 21 min ildən bir təkrarlanıb.
Mütəxəssislər bunun əsas səbəbini Milankoviç siklləri, xüsusilə də Yer oxunun presessiyası ilə əlaqələndirirlər. Təxminən hər 21 min ildən bir baş verən bu dəyişiklik Şimal yarımkürəsində yay aylarında Günəş şüalarının təsirini artırır. Nəticədə hava daha çox nəm toplayır, Qərbi Afrika mussonları güclənir və yağıntı zonası şimala doğru hərəkət edir.
Saxaranın yaşıllaşması zamanı Təsili-N-Accer yaylasındakı qayaüstü təsvirlər də bölgədəki həyat haqqında məlumat verir. Rəsmlərdə ovçular, mərasim geyimləri geyinmiş insanlar və mal-qara ilə məşğul olan çobanlar təsvir olunub.
2025-ci ildə Maks Plank Təkamül Antropologiyası İnstitutunun tədqiqatçıları Yaşıl Sahara sakinlərinin ilk tam genomlarını da araşdırıblar. Təxminən 7 min il əvvəl Liviyanın cənub-qərbindəki Takarkori qaya sığınacağında dəfn edilmiş iki insanın DNT-si analiz edilib. Nəticələr onların minilliklər boyu digər Afrika populyasiyalarından nisbətən təcrid olunmuş qədim Şimali Afrika nəslinə aid olduğunu göstərib.
Alimlərin diqqətini çəkən əsas məqamlardan biri isə yaşıllığın yoxa çıxma sürətidir. Araşdırmalara görə, savannadan quraq səhraya keçid tədricən deyil, bir neçə nəsil ərzində baş verib.
Orbital yay isinməsinin zəifləməsi ilə mussonlar cənuba çəkilib. Bitki örtüyü məhv olmağa başlayıb, torpaq daha çox günəş işığını əks etdirib və nəmi daha pis saxlayıb. Bu proses isə yağıntıların daha da azalmasına səbəb olaraq səhralaşmanı sürətləndirib.
İnsanların bu prosesdəki rolu isə hələ də elmi müzakirə mövzusudur. Bəzi tədqiqatçılar qədim maldarların otlaqları yandırması və həddindən artıq otarılmanın səhralaşmanı sürətləndirdiyini düşünür. Digər araşdırmalarda isə nəzarətli maldarlığın ekosistemin tənəzzülünü əksinə, ləngidə biləcəyi irəli sürülür.
Bununla belə, alimlərin böyük hissəsi əsas amilin Yer kürəsinin orbital dinamikası olduğunu, insan fəaliyyətinin isə ikinci dərəcəli rol oynadığını bildirir.
Hazırda peyklər Saxelin cənub sərhədlərində bəzi ərazilərin yaşıllaşmasını qeydə alır. Lakin mütəxəssislər bunun Yaşıl Saharanın geri qayıtması anlamına gəlmədiyini vurğulayırlar. Onların fikrincə, Saxaranın tam şəkildə yenidən yaşıllaşması üçün uzunmüddətli kosmik iqlim sikllərinin uyğunlaşması lazımdır.
06:25 18.08.2026
Oxunuş sayı: 59