CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: kosmik missiya

16:29 13.10.2026

Kosmosda yeni elmi mərhələ – “SpaceX” 35-ci missiyasını həyata keçirir

84

ABŞ-ın “SpaceX” aerokosmik şirkəti Beynəlxalq Kosmik Stansiyaya (BKS) 35-ci kommersiya təchizat missiyasını uğurla başladıb. Kosmik gəmiyə elmi tədqiqatlar üçün avadanlıqlar, tibbi eksperiment materialları və stansiyanın fəaliyyəti üçün zəruri yüklər yerləşdirilib. Crossmedia.az xəbər verir ki, oktyabrın 13-də “Dragon” kosmik gəmisi ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən Kosmik Qüvvələr Stansiyasının 40-cı buraxılış kompleksindən “Falcon 9” raketi vasitəsilə orbitə göndərilib. Yerli vaxtla saat 06:34-də həyata keçirilən buraxılış zamanı kosmik stansiyaya 2 860 kiloqramdan çox yük yola salınıb. Bu, “Dragon” yük gəmisinin dördüncü orbital uçuşu, “Falcon 9” raketinin birinci pilləsinin isə səkkizinci istifadəsi olub. Missiya çərçivəsində BKS-yə stansiyanın enerji imkanlarını genişləndirmək üçün nəzərdə tutulan son iki açılan günəş paneli də göndərilib. Astronavtların həmin panelləri payızın sonlarında planlaşdırılan açıq kosmos fəaliyyətləri zamanı quraşdırması nəzərdə tutulur. Yeni panellər stansiyanın enerji təchizatını gücləndirməklə yanaşı, gələcək elmi tədqiqatların aparılmasına və BKS-nin istismar müddəti başa çatdıqdan sonra orbitdən idarəolunan şəkildə çıxarılması prosesinə də dəstək verəcək. Kosmik gəmidə tibbi tədqiqatlar üçün xüsusi materiallar da daşınır. Onların arasında mikroqravitasiya şəraitində süni tor qişanın hazırlanmasına yönəlmiş eksperimentlər xüsusi yer tutur. Bu tədqiqatların gələcəkdə Yer kürəsində görmə qabiliyyətinin bərpası üsullarının inkişafına töhfə verəcəyi gözlənilir. Bundan əlavə, üçölçülü ürək toxuması modelləri və beyin orqanoidləri vasitəsilə Alzheimer və Parkinson xəstəlikləri də daxil olmaqla neyrodegenerativ xəstəliklərin mümkün müalicə üsulları araşdırılacaq. “Dragon” kosmik gəmisinin oktyabrın 15-də yerli vaxtla saat 11:00 radələrində Beynəlxalq Kosmik Stansiyanın “Harmony” moduluna avtomatik birləşməsi planlaşdırılır. Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiya fəaliyyətinin son mərhələsinə yaxınlaşır. Mövcud plana əsasən, stansiyanın orbital fəaliyyətinin 2030-cu ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR