08:50 05.10.2026
100 min bilet bir gündə satıldı – tarixi əsər Londonda izdiham yaratdı
22
Britaniya Muzeyi ziyarətçilərin uzun növbələr və həddindən artıq sıxlıqla bağlı narazılıqlarından sonra Bayeux qobeleninin sərgisinə giriş qaydalarında dəyişikliklər etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, muzey rəhbərliyi ziyarətçilərin gözləmə müddətini azaltmaq üçün iş saatlarının uzadılmasını planlaşdırır. Bundan əlavə, sərgiyə audio bələdçi, əlavə oturacaqlar və daha aydın istiqamətləndirici lövhələr yerləşdiriləcək.
Muzey nümayəndəsi XI əsrə aid məşhur tikmə əsərinə marağın “fövqəladə” olduğunu bildirib. Bununla yanaşı, bəzi ziyarətçilərin gözlədiklərindən daha uzun müddət növbədə qaldığını qəbul edib.
Bəzi ziyarətçilər sərgiyə daxil olmaq üçün iki saata qədər gözlədiklərini bildiriblər. Muzeyin ötən həftə özəl tədbir səbəbindən erkən bağlanmasından sonra isə yüzlərlə bilet sahibinin sərgiyə daxil ola bilmədiyi və sosial şəbəkələrdə narazılıqlarını ifadə etdiyi bildirilib.