Rusiya G20-də maliyyə müharibəsinə qarşı ÇIXDI
Rusiyanın maliyyə naziri Anton Siluanov ABŞ-da keçirilən “Böyük iyirmilik” (G20) ölkələrinin maliyyə qurumları rəhbərləri və mərkəzi banklarının toplantısında qlobal maliyyə alətlərinin əlçatanlığı məsələsini gündəmə gətirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
“Rusiya tərəfi qlobal maliyyə alətlərinin – banklararası hesablaşmaların, maliyyə məlumatlarının ötürülməsinin və depozitarilərin fəaliyyətinin əlçatanlığı məsələsini qaldırıb. Onlardan silah kimi istifadə edilməsi yolverilməzdir”, – deyə Rusiya Maliyyə Nazirliyinin rəhbəri bildirib.
Onun sözlərinə görə, fəaliyyət göstərən maliyyə infrastrukturu əlçatan və neytral olmalıdır. Lakin Rusiya məhdudiyyətlərlə üzləşib və alternativ həll yolları axtarmağa məcbur olub.
Nazir həmçinin alternativ ödəniş sistemlərinin yaradılması məsələsinin müzakirə edilmədiyini bildirib. Onun sözlərinə görə, G20 iştirakçıları mövcud maliyyə infrastrukturundan istifadə edirlər.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Mayamidəki “Trump National Doral” klubunda keçiriləcək G20 sammitinə Rusiya Prezidenti Vladimir Putinin dəvət olunması məsələsini hələ nəzərdən keçirmədiyini açıqlayıb.
Daha əvvəl isə KİV ABŞ-ın G20 çərçivəsində Almaniyanın Rusiyaya münasibətdə mövqeyindən narazılığını ifadə etdiyini yazıb.
15:01 05.09.2026
Oxunuş sayı: 43