Heç kimə sirr deyil ki, bu gün ölkədə özəl banklara kredit borcu olan külli miqdarda insan var. Azərbaycan əhalisinin mütləq əksəriyyəti ehtiyac səbəbindən banklara üz tuturlar. Elə ailələr var ki, eyni zamanda bir neçə banka kredit ödəmək məcburiyyətindədir. Və bu borcların ödənilməsi istənilən fərd və ya ailə üçün böyük sıxıntılar hesabına başa gəlir. Azərbaycanda nağd pul krediti və ya ipotekalarla bağlı faizlərin yüksək olması vətəndaşlar üçün ciddi çətinlik yaradır. Vətəndaşlar banklardan kredit götürdükdə onların aylıq ödənişləri olduqca yüksək məbləğlərlə hesablanır. Lakin, tələbin yüksək olmasına baxmayaraq, bank sektorunda təklif meyarları dəyişməz olaraq qalır. Demək olar ki, banklar ən mədəni şəkildə müştərilərin cibinə girməklə məşğuldur. Yüksək faiz dərəcələri, həmçinin komissiya haqları kredit götürənləri müflis edir. Banklara qarşı artıq cəmiyyətimizin inam hissləri ölüb. Hazırda bank adı gələndə sadə vətəndaşların, insanların ağlına yalnız bu iki şey gəlir: bizim nəyimiz var soyacaqlar və krediti gecikdirən kimi isə hədələyəcəklər.
Hazırda ölkə üzrə kredit portfelinin həcmi 19 milyard 594 milyon 400 min manatdır. Bu fonda əhalinin banklardakı əmanətlərinin həcmi isə 11 milyard 743 milyon manatdır. Yəni bankların verdiyi kredit cəlb etdiyi əmanətlərin həcmindən təxminən 2 dəfə çoxdur. Bankların cəlb etdiyi əmanətləri valyutanın növündən asılı olaraq 3-11 faiz aralığındadır. Qeyd edək ki, 11 faizlə əmanətlərin cəlb olunmasını yalnız 5 bank təklif edir və onların da şərtlərində “müddətli əmanət” bəndi yer alır. Yəni əmanət müqavilədə göstərilən müddətdən əvvəl geri çəkilərsə, o zaman 11 faiz məsələsi aktuallığını itirmiş hesab olunur. Bu fonda bankların kredit təklifləri isə illik 24-32 faiz aralığında dəyişir. Bəzi kredit təşkilatlarında isə faiz dərəcəsi hətta 51-in üzərinə çıxır. Bu isə sözün həqiqi mənasında bankların soyğunçuluq siyasəti apardığının göstəricisidir. Bu məsələ müxtəlif zamanlarda müzakirə olunub, amma hələ də müsbətə doğru heç bir dəyişiklik yoxdur.
Azərbaycan Milli Məclisinin deputatı, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, istehlak kreditlərinin faizləri ilə yanaşı diqqəti çəkən digər məqam bankların ödəniş cədvəli ilə bağlıdır:
"Hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb. Bütün bunlarla yanaşı, digər məqam bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərini önə salması ilə bağlıdır. Belə ki, rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni, kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar. Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə bəlli olur ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb".
Digər tərəfdən belə bir sual yarana bilər ki, kredit götürən vaxtından əvvəl krediti qaytarırsa, və buna görə də böyük həcmdə birdəfəlik faiz tutulursa, o zaman krediti vaxtından əvvəl bağlamağa nə ehtiyac var? Bu kimi problemlər də əhalini narahat edən əsas mövzulardan biridir. Çünki vətəndaş bunu tez ödəyirsə, deməli kredit faizlərindən xilas olmaq istəyir. Banklarda özünü göstərən bu halların qarşının alınması məsələsinə gəldikdə isə iqtisadçı bildirib ki, faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar belə bu müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır:
" Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan, banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyyəsi məqsədəuyğun olardı".
Sonda onu qeyd edək ki, təklif olunur ki, kommersiya banklarının kredit faizləri əmanət faizlərinə uyğunlaşdırılsın. Yəni bank əmanətləri hansı faiz dərəcəsi ilə qəbul edirsə, onun kredit faizi də 4 faizli marja ilə məhdudlaşdırılsın. Bank əgər 10 faizlə əmanət cəlb edirsə, krediti maksimum 14 faizlə versin. Bu zaman maliyyə-kredit bazarında da ciddi aktivlik müşahidə olunacaq və ən əsası problemli kreditlərin həcmi ciddi şəkildə azalacaq.
Gülşad İbrahimova