Elm və təhsil

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, noyabrın 21-də ilk dəfə dərc olunan “Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində Azərbaycanın 3 universiteti yer alıb. Bildirilib ki, ümumilikdə 749 universitetin daxil olduğu bu reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 201-250-ci mövqedə, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb. UNEC, AzMİU, NDU, SDU, ATU, BANM və Xəzər Universiteti isə sözügedən reytinqdə “məruzəçi” (reporter) qismində dəyərləndirilib.
Məsələ ilə bağlı Crossmedia.az saytına açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan universitetlərinin “Times Higher Education” Interdisciplinary Science reytinqində yer alması, ölkənin təhsil sahəsində qlobal səviyyədə tanınmağa doğru atdığı mühüm bir addımdır:
“Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 201-250-ci mövqedə, Azərbaycan Texniki Universitetinin (AzTU) isə 401-500-cü mövqedə qərarlaşması, bu ali təhsil müəssisələrinin elmi tədqiqat sahəsində müəyyən uğurlar qazandığını göstərir. Bu uğur bir tərəfdən ölkənin təhsil sistemində müsbət dəyişikliklərin mövcudluğunu nümayiş etdirir, digər tərəfdən isə daha geniş problemlər və inkişaf imkanlarını ortaya qoyur. Fənlərarası yanaşmalar müasir dövrdə elmi tədqiqatlarda əsas rol oynayır. Müxtəlif sahələri birləşdirən tədqiqatlar kompleks problemlərin həlli üçün yeni yanaşmalar təqdim edir. “Times Higher Education” Interdisciplinary Science reytinqi məhz bu xüsusiyyətləri qiymətləndirərək, universitetlərin müxtəlif elmi sahələr arasında əməkdaşlıq imkanlarını və tədqiqatların praktiki tətbiqini dəyərləndirir. Azərbaycan universitetlərinin belə bir reytinqdə yer alması onların müasir elmi trendlərə uyğunlaşmağa çalışdığını göstərir.”

Ekspert Azərbaycanda fənlərarası tədqiqatlara diqqət yetirilsə də, bu sahədə hələ kifayət qədər iş görülmədiyini və bunun vacib olduğunu qeyd edib:
“Universitetlərdə fənlərarası əməkdaşlığı təşviq edən struktur və proqramlar məhduddur. Kadrların bilik və bacarıqlarını bu istiqamətdə təkmilləşdirmək üçün sistemli yanaşmalar hələ də tam oturuşmayıb. Eyni zamanda, elmi tədqiqatlar üçün maliyyə dəstəyinin kifayət qədər olmaması, innovativ yanaşmaların inkişafına maneə yaradır. Azərbaycan universitetlərinin bu reytinqdə yer alması beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün əlavə imkanlar yaradır. Məsələn, ABŞ-da Massachusetts Texnologiya İnstitutu (MIT) və Stanford Universiteti kimi qurumlar fənlərarası tədqiqatlarda liderdirlər. Onların uğurunun təməlində müxtəlif sahələrdən olan tədqiqatçıların birgə fəaliyyəti, texnoloji inkişaf və güclü maliyyə dəstəyi dayanır. Böyük Britaniyada Cambridge və Oxford universitetləri fənlərarası mərkəzlər yaradaraq, sosial, humanitar və texniki elmlər arasında əməkdaşlığı təşviq edirlər. Sinqapur Milli Universiteti (NUS) isə, Asiya regionunda bu sahədə lider olaraq, dövlət və özəl sektor arasında birgə layihələr həyata keçirir və qlobal problemlərin həlli üçün praktiki tədqiqatlar aparır.”
Kamran Əsədov qeyd edib ki, Azərbaycan universitetlərinin bu təcrübələrdən istifadə edərək öz fənlərarası yanaşmalarını inkişaf etdirməsi mümkündür:
“Universitetlərdə fənlərarası tədqiqat mərkəzləri yaradılmalı və müasir texnologiyalarla təmin edilməlidir. Təhsil Nazirliyi tərəfindən universitetlər üçün xüsusi maliyyələşdirmə proqramları tətbiq olunmalı və xarici universitetlərlə əməkdaşlıq genişləndirilməlidir. Yalnız bu halda Azərbaycan universitetlərinin qlobal elmi reytinqlərdə daha yüksək mövqelərə sahib olması mümkündür.”
Ekspert bildirib ki, əldə olunan nəticələr təqdirəlayiqdir, lakin davamlı inkişaf üçün dərin islahatlar tələb olunur.


Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il