Almaniya hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant haqqında çıxardığı həbs qərarını dəstəklədiyini vurğulayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət sözçüsü Şteffen Hebeştrayt vurğulayıb ki, Almaniya bu məsələni diqqətlə araşdırır. O əlavə edib: “Netanyahu və Gallantın Almaniyaya səfəri planlaşdırıldıqda daha dəqiq məlumat əldə edə biləcəyik”.
Hebeştrayt həmçinin qeyd edib ki, Almaniya BCM-nin ən əsas tərəfdarlarından biridir. O bildirib ki, Almaniyanın tarixi keçmişi ilə əlaqədar İsrailə xüsusi məsuliyyəti var: “Bu, Almaniya tarixindən irəli gələn unikal münasibətlərin davamıdır”.
Almaniya hökumətinin bu açıqlaması beynəlxalq aləmdə diqqət mərkəzinə çevrilib və İsrail rəhbərliyinə qarşı aparılan hüquqi proseslərə xüsusi maraq yaradıb. Bununla yanaşı, Almaniya BCM-nin qərarını qiymətləndirməkdə ehtiyatlı davranır.
Elnurə Kərimova