Gündəm

Bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb. 

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. 

Ailə - ictimai-iqtisadi hüceyrədir. Ailə münaqişələri cəmiyyətimizdəki aktual məsələlərdən hesab olunur. Bu münaqişələrin nəticələri bəzən cinayətlərlə, bəzən də gələcəyə təhdid siqnalları verən travmalı yeniyetmələri cəmiyyətə “qazandırmaqla” sonlanır.  Boşanma halları uşaq psixologiyasına ciddi zərər vurmaqla yanaşı, ailə anlayışını da ciddi təhlükəyə atır. Bir tərəfdən ailə qurmaq istəyənlərin sayı azalır, boşananların sayı isə artır. Ayrılma mərhələsindən sonra valideynlər uşağın vəziyyətindən çox, aliment mövzusunu müzakirə etməyə üstünlük verirlər. Həll yolu tapmaq yerinə, çıxılmaz yola girən ailə fərdləri artıq bu məsələ haqqındakı anlaşmazlıqlarına qanun vasitəsilə əlac tapırlar.

Məlumata görə 2025-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq. 2028-ci ildə isə bu məbləğin 275 manat olacağı proqnozlaşdırılır.

Günümüzdə bir çox evlilik səbəbləri kimi, boşanma səbəbləri də bəzən maddiyyat ilə bağlı olur . Alimentlərin artması xəbəri nə qədər üzücü görünməsə də, xırdalıqlara ensək, maddi vəziyyətlərdən ötrü sonlanan evliliklərin qarşısının alına bilməsi ehtimalı da bir o qədər məyus edir. Ailələrdən hər dünyaya gələn uşaq üçün müavinət alınsa, övlad sahibi olmağın necə məsuliyyətli bir vəzifə olması və maddi konfliktlərin yersizliyi hər kəs üçün aydın olar.

Məsələyə ən təməldən yanaşan və boşanmaların yayğın səbəblərinə toxunan psixoterapevt Elmir Əkbər Crossmedia.az-a bildirib ki, göstəricilər olduqca acınacaqlıdır:

“Təəssüf ki, Azərbaycanda boşanmaların sayı artmağa davam edir. Düşünürəm ki, ilkin səbəblərdən biri də ailələrin əvvəldən doğru qurulmamağıdır. Yanlış bünövrə üzərində tikilən ev təbii ki, vaxtı gələndə dağılmağa məhkumdur. Düşünürən ki, ailə doğru dəyərlər və meyarlar üzərinə qurulmalıdır. Ailə qurarkən zamanın tələbini düzgün anlayıb nəzərə almaq lazımdır. Sevgidən danışmıram , çünki bu mürəkkəb məsələdir. Bu duyğu illər ərzində formalaşır və uzun müddət kontaktda olmayan insanlar arasında yarana bilməz”.

E.Əkbər psixoloji nüanslara da toxunub:

“İki insan eyni psixoloji dildə danışmalıdır. Xasiyyətlərinin eyni olması mümkün görünməsə də, dözümlülük şəraitində qarşı tərəfi qəbullanıb, birlikdə kompromisə gedərək yaşamalıdırlar. Əks halda ən xırda problemlərə belə məğlub olmaq mümkündür. Təssüf ki, boşanma mədəniyyəti olmadığına görə boşanan gənclər çox böyük əziyyətlərə düçar olurlar. Ən böyük zərbə isə uşaqlara dəyir. Valideynlər ən azı övladlarını düşünüb, normal qaydada ailə qurmalıdırlar. Əgər boşanma halları yaşanarsa, insani münasibətlərini qoruyub saxlamağı bacarmalıdırlar. Digər problemlərdən biri cütlük terapiyasına müraciət olunmamasıdır. Ailə zəminində münaqişə zamanı psixoloqa müraciət edilərsə, problemlər vaxtında öz həllini tapar”.


Gülay Məmmədova 
 
 
 
 
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il