İsrailin baş naziri Benyamin Netanyahu sosial media hesabında paylaşdığı video mesajında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun və keçmiş müdafiə naziri Yoav Qallantın barəsində çıxardığı həbs qərarı ilə bağlı “İsrail bu qərarı tanımır və tanımayacaq” deyib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Netanyahu ona qarşı həbs orderinin verilməsini “qara gün” kimi qiymətləndirərək, “Bu, tək məqsədli antisemit tədbirdir”,- deyib. İsrailin qəzzalıları ac qoymadığını iddia edən Netanyahu, "İsrail bu qərarı tanımır və tanımayacaq",-deyə bildirib.
Başda ABŞ olmaqla, qərara qarşı çıxanları təqdir edib. O, qərarı icra edəcəklərini açıqlayan ölkələri isə üstüörtülü şəkildə hədələyib. Netanyahu, "İsrail əleyhinə heç bir çirkin qərar mənim və bizim ölkəmizi müdafiə etməyə davam etməyimizə mane olmayacaq. Təzyiqlərə boyun əyməyəcəyik",- deyə əlavə edib.
Xatırladaq ki, BCM son qərarında İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın "Qəzzada törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə" həbsinə order verdiyini bildirib.