Gündəm

Azərbaycan, coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiyanın vacib aktorlarındandır. Son illərdə ölkəmiz beynəlxalq arenada özünün artan təsiri və müasir inkişafı ilə diqqət çəkməyə davam edir. Azərbaycanın təşkil etdiyi beynəlxalq tədbirlər, xüsusilə ekoloji məsələlərə dair böyük miqyaslı görüşlər, ölkənin qlobal liderlik səylərini nümayiş etdirir. COP29-un Azərbaycanda keçirilməsi, onun yalnız regional deyil, eyni zamanda qlobal əhəmiyyətli məsələlərə də öz töhfəsini verən bir dövlət kimi tanınmasına xidmət edir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri Azərbaycanın beynəlxalq arenada yüksələn rolu, ekologiya sahəsindəki təşəbbüsləri və gələcək perspektivlərindən söhbət açıb:

"Azərbaycan dünyaya açıq ölkədir. Beynəlxalq tədbirlərin keçirildiyi məkan olaraq dünya səviyyəsində öndə olan ölkələrdəndir. Bu, dünyada baş verən bütün hadisələrə laqeyd qalmayan təşəbbüskar və problemlərin çözümünə açıq olan ölkənin öz iradəsini nümayiş etdirməsidir. Dünyada Azərbaycanı hər kəs tanıyır. Azərbaycan bütün səviyyələrdəki tədbirlərə potensial imkanının olduğunu ortaya qoyur. Eyni zamanda Azərbaycan yeni imkanları fürsətə çevirəcək ideoloji əsasda ən müasir fikirlərin ortaya qoyulması yönündə də az saylı ölkələrdən biri olduğunu sübut edir.
Digər tərəfdən Azərbaycan Cənubi Qafqazda, Mərkəzi Asiyada bütövlükdə Sovet İttifaqından ayrılan bütün post-sovet məkanı ölkələrindən fərqli olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kovensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçirilir. Bu, Azərbaycanın imkanlarını ortaya qoyur. Bir ildən qısa bir müddətdə hazırlıq və bu səviyyədə konfransın keçirilməsi, təşkili bir çox qlobal, insan taleyini gələcəkdə müəyyənləşdirəcək problemlərin həllini təmin etmək üçün bütün imkanlarını ortaya qoyan ölkə olaraq Azərbaycan dünya səviyyəsində tanındı".

Ekspert COP-un insanlıq adına bir tədbir olduğunu bildirib və bunu siyasiləşdirməyə ehtiyacın olmadığını qeyd edib:

"Azərbaycan iqlimlə bağlı məsələyə açıq olduğunu göstərdi və bu məsuliyyəti öz üzərinə götürdü. Bundan başqa ölkəmiz Güney Qafqazda lider ölkədir. Bu, təkzib olunmazdır. Cənubi Qafqazın ən güclü və strateji ölkəsi Azərbaycandır. Bu gün Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyini təmin edə biləcək ölkədir. Bu o deməkdir ki, Güney Qafqazın məsuliyyət dairəsi Azərbaycanla bağlıdır. Bu çox önəmlidir. Lakin bunu Mərkəzi Asiya ilə əlaqələndirmək doğru olmaz. Doğrudur Mərkəzi Asiyada COP konfransına ev sahibliyi edəcək dövlət yoxdur. Ancaq Azərbaycanın Mərkəzi Asiyada da lider ölkə səviyyəsinə gəldiyini iddia etmək şişirtmə olardı. Çünki Mərkəzi Asiyada Azərbaycandan ərazisi və iqtisadiyyatı dəfələrlə böyük Qazaxıstan kimi ölkələr var. Eyni zamanda Mərkəzi Asiyanın geosiyasi qərarlarının qəbulunda Azərbaycanın bir  mənalı iştirakı da tam təmin edilməyib. Doğrudur, Orta Asiyanın Türk Cümhuriyyətləri ilə əlaqədə Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycan 2 lokomotiv ölkədən biridir. Bu o demək deyil ki, Azərbaycan Avrasiyada lider ölkədir. Bunu iddia etmək hələ tezdir. Azərbaycan getdikcə bütün dünyada tanınan, hörmət olunan, Cənubi Qafqazda vaz keçilə bilməyən, strateji bir ölkədir. Bu gün Azərbaycan bütün dünyanı birləşdirəcək körpü rolunu, dəhlizi qura biləcək dövlətdir. Eyni zamanda o, həm Mərkəzi Asiya, həm Cənubi Qafqazda Sovet dönəminin parçalanmasından sonra süni olaraq yaradılan münaqişələri təkbaşına həll edən yeganə ölkədir".

Politoloq Azərbaycanın tədricən yaşıl enerjiyə üstünlük verdiyinə, alternativ enerji istehsalı edən ölkəyə çevrildiyinə diqqət çəkib:

"Ölkəmizin potensialı bunu vəd edir. Azərbaycan həm günəş, həm də külək kimi yaşıl enerji perspektivlərini vəd edən bir ölkəyə çevrilir. Bu, COP29 konfransında da açıq şəkildə görsənir. Paralel olaraq Azərbaycanda COP29 ərəfəsində və bu günün özündə də milyonlarla ağac əkildi və əkilir. Hər bir ağac bir nəfəs deməkdir. Bu da sadəcə Azərbaycan adına deyil insanlıq adına bir fəaliyyətdir. Çünki bu gün müzakirə edilən karbon qazının emissiyasının qlobal səviyyədə udulması yalnız ağaçların, meşələrin üzərinə düşür. Karbon qazının emissiyasının udulmasının 40%-ni yalnız ağaclara, yaşıllığa borcluyuq. Bu tədbirlərin həyaya keçirilməsi təqdirə layiqdir. Lakin bundan artığını hələlik şişirtmək doğru deyil. Çünki Azərbaycanda əyri-əskikliklər də çoxdur. Perslektivdə bu problemlərin həlli də ictimaiyyət olaraq gözləniləndir.

Natiq Miri sonda bizim problemləri sıralamadan hər şeyi öz adı ilə çağırmalı olduğumuzu vurğulayıb. Qeyd edib ki, bunu etmək bütün medianın borcudur. Şişirtmədən yalanlar ortaya qoymadan, doğru olanı etmək lazımdır. Həqiqətə, haqqa xidmət budur.

Banuçiçək Kalbalıyeva 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il