Azərbaycanın mötəbər tədbirlərdən birinə ev sahibliyi davam edir. COP29- un Cənubi Qafqazda, Mərkəzi Asiyada ilk dəfə Azərbaycanda keçirilməsi dünyanın diqqətini cəlb edib. Biz COP29-da türk dövlətlərinin iştirakını da xüsusilə qiymətləndirməliyik. Məhz noyabrn 11- də Türkiyənin ənənəvi ağac əkmə günündə Türkiyədən və digər türk dövlətlərindən gələn iştirakçılar ilə ağac əkmə aksiyası keçirilib.
Türkiyə Respublikası Kənd təsərrüfatı və meşə nazirinin müavini Əbubəkir Gizligider COP29-la, eləcə də ağac əkmə aksiyası ilə bağlı təəssüratlarını Crossmedia.az-la bölüşüb:
"İlk olaraq əziz Azərbaycanı təbrik edirik. COP29 bu gün çox gözəl, əhatəli, rəngarəng və təsirli bir təşkilatçılıqla açıldı. Biz isə Türkiyə olaraq çox yaxşı, geniş və güclü bir qrupla buradayıq. Hörmətli prezidentimiz açılışda idi. Eləcə də, xanım Əminə Ərdoğan Azərbaycanın və digər türk dövlətlərinin xanımları ilə mühüm fəaliyyət göstərir. Biz Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi və Ekologiya Nazirliyi olaraq burada intensiv tədbirlər həyata keçirəcəyik. Əvvəla onu deyim ki, Türk Dövlətləri Təşkilatı COP29-a öz möhürünü vurub. Bu bizi son dərəcə xoşbəxt edir. Noyabrın 11-də türk dövlətlərinin bütün icması, qardaşlarımız və gənclərimizlə birlikdə Bakıda ağaclarımızı, fidanlarımızı əkdik. O fidanlar 100 illərlə Türkiyə, Azərbaycan, bütün türk dövlətləri, bütün dünya üçün təmiz nəfəs olacaq. Ümid edirik ki, bu, ekoloji maarifləndirmənin artacağı və ətraf mühiti və gələcəyimizi, xüsusən də maliyyəni təhdid edən əsas problemlərin həlli ilə bağlı məsləhətləşmələr və qərarların qəbul ediləcəyi COP olacaq. Biz istəyirik ki, bu tədbir tarixdə qalıcı olsun və elə də olacaq.
Əbubəkir Gizligider sonda Crossmedia.az-a təşəkkürünü bildirərək, Türkiyənin hər zaman can Azərbaycanın yanında olduğunu söyləyib:
"Təbii ki, biz də burada jurnalistlərə təşəkkür edirik. Biz sizə öz təşəkkürlərimizi bildiririk. Siz tədbiri həm yaxından izləyirsiniz, həm də töhfə verirsiniz. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Biz Meşə Təsərrüfatı Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi olaraq hər iki sektorda öz töhfəmizi verməyə davam edəcəyik".
Banuçiçək Kalbalıyeva
Aysel Ağakərimova
Aytac Kərimova