Azərbaycanda keçirilən COP29 tədbirinin ilk günü liderlər sammitinin açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş dünya ölkələrinə güclü bir mesaj verib. O, çıxışında "COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər" ifadəsini işlədərək dövlətləri Azərbaycanla daha yaxın əməkdaşlığa dəvət edib.
BMT Baş katibinin "iqlim maliyyəsi yolundakı divarları dağıtmaq" çağırışı nə deməkdir və bu ifadə hansı məqsədləri əhatə edir?
Bu məsələyə aydınlıq gətirən siyasi elmlər doktoru, professor Sabir Məmmədli Crossmedia.az-a verdiyi açıqlamada bildirib: “İqlim dəyişikliyi və ekoloji problemlər qlobal bir problem olmaqla yanaşı, böyük maliyyə tələb edən məsələlərdir. Dünya dövlətləri bu problemi uzun müddətdir müzakirə edirlər, fondun yaradılması dəfələrlə gündəmdə olsa da, təəssüf ki, hələ öz həllini tapmayıb. Quterreşin bu çağırışı COP29 tədbirində məhz iqlim maliyyələşdirilməsi sahəsində irəliləyiş əldə edilməsinə yönəlib. BMT nümayəndələrinin də qeyd etdiyi kimi, ilkin mərhələdə 100 milyard dollar vəsaitin ayrılması və bu fondun təsis edilməsi nəzərdə tutulur”.
Dövlətlərin bu mövzuya münasibətindən söz açan Sabir Məmmədli əlavə edir ki: “Nisbətən böyük dövlətlər yaradılması nəzərdə tutulan bu fonda daha çox vəsait ayırmalıdırlar, çünki dünya ekologiyasına ən böyük zərər vuranlar məhz onlardır. COP29 çərçivəsində maliyyə məsələlərinin müzakirəyə çıxarılacağı əvvəlcədən müəyyən edilmişdi. Böyük dövlət rəhbərlərinin tədbirə qatılmaması da təsadüfi deyil. Onlar başqa səbəblər irəli sürsələr də, əsas məsələ, dünya ekologiyasına ən çox zərər vuran ölkələrin ekoloji problemlərin həlli üçün maliyyə ayırmaq istəməməsidir”.
Qlobal miqyasda insanlıq üçün təhlükə yaradan məsələlərin bütün dövlətlər tərəfindən müzakirə edilərək həll edilməsi vacibdir. Ekoloji problemlərin həm böyük, həm də kiçik dövlətlər tərəfindən tam şəkildə qəbul edilməsinə baxmayaraq, kiçik dövlətlərin göstərdiyi səyi ABŞ, Çin, Fransa kimi ölkələrdən görmək olmur. Bu ölkələr həm dünya ekologiyasına zərər verməkdə davam edir, həm də bu problemlərin həlli üçün öz büdcələrindən maliyyə ayırmaq istəmirlər.
Ayhan Ağarzayev