Çarpaz baxış

Ekoloji problemlərin həllinə köklənən, beynəlxalq tədbir olan COP29- un Azərbaycanda keçirilməsi davam edir. Ekoloji problemlərə təkcə Yer səthində deyil, eləcə də atmosfer qatında da rast gəlinir. Bu problemlər gündən- günə artmaqda davam edir. Atmosfer problemlərini işıqlandırmaqla yanaşı onların həll yollarına da diqqət çəkmək lazımdır. 
Mövzu ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi, Şamaxı Astrofizika Rəsədxanasının, şöbə müdiri, Astronomiya üzrə fəlsəfə doktoru, dosent Nazim Qaraməmmədli Crossmedia.az-a müsahibə verib.
- Bildiyiniz kimi hazırda Azərbaycan COP29- a ev sahibliyi edir. Beynəlxalq tədbir Azərbaycanda və dünyada hansı atmosfer problemlərinin həllində rol oynaya bilər?
- COP29- un Azərbaycanda keçirilməsi çox mötəbər hadisədir. Ekoloji problemlər bütün bəşər övladını narahat edən bir məsələdir. Bu məsələ üzərində bəşər övladı 1992-ci ildən başlayaraq mübarizə aparmaq əzmini ortaya qoyub. Bu BMT-nin iqlim dəyişikliyi üzrə keçirdiyi 29-cu sessiyasıdır. Qlobal istiləşmənin təzahürlərini aradan qaldırmaq üçün bu qədər danışıqlara rəğmən ciddi bir tədbir görülməyib. Bu, insanın yer üzündəki iqtisadi fəaliyyəti ilə bağlı olan bir məsələdir. Ümid edirəm ki ciddi qərarlar qəbul olunsa nəyəsə nail olmaq olar.
- Ekoloji problemlər təkcə yer səthində deyil. İnsanların kosmosa getməsi və ya müxtəlif texnikaların göndərilməsi nəticəsində ora da çirkləndirilir. Bunu necə qiymətləndirirsiniz? Sizcə COP-29-da bu mövzuyada diqqət çəkilməlidirmi və ya çəkilirmi?
- Kosmosa göndərilən texnikaların, kosmik gəmilərin qalıqları hansı ki, öz fəaliyyət dövrünü başa vurub onlar kosmosda atmosferi çirkləndirirən əşyalar kimi qəbul oluna bilər. Onların qalıqlarının törətdikləri müəyyən məsələlər var. Bu əslində o qədər də ciddi rol oynamır. Lakin hər halda onların da qalıqlarının təmizlənməsi çox yaxşı olardı. Bunun üçün hansısa yollar fikirləşmək olar.
- Ozon qatındakı dəliklər narahat edici faktordur. Bir neçə gün öncə NASA və ABŞ-nin Okean və Atmosfer Tədqiqatlarının Milli İdarəsinin hesablamalarını oxudum. Məlumata görə 2040-cı ilə qədər Ozon dəliyinin böhrandan əvvəlki səviyyəyə qayıdacağı, 2066-cı ildə isə tamamilə bağlanacağı təxmin edilir. Siz bu məsələ haqqında nə düşünürsünüz?
- 30-40 il bundan qabaq bu önəmli bir mövzu idi. Bunun çox ciddi təzahürləri var idi. Azon dəliyi Günəşdən gələn ultrabənövşəyi şüalanmanın böyük bir hissəsini udur. Yer atmosferi müxtəlif təbəqələrə malikdir və hər bir təbəqənin özünün bir rolu var. Azon təbəqəsi də bu təbəqələrdən biridir.
Yerdən buraxılan kosmik gəmilərin böyük bir hissəsi Azon təbəqəsinin seyrəlməsinə səbəb olurdu. Azon 3 atomlu oksigen molekuludur. Onun bərpası çox vaxt aparan müşkül bir məsələ idi. Çünki Azon çox tez parçalanır, çox da gec bərpa olunur. Burada kosmik gəmilərin işlətdiyi yanacaq növündə gedən kimyəvi reaksiyalar nəticəsində Azon seyrəlirdi və Günəşdən gələn ultrabəövşəyi şüaların Yerə keçməsi xeyli artırdı. Bu da ciddi fəsadlar törədirdi. Şükür ki, artıq bunun qarşısı alınıb.
- Müharibələrin baş verməsi, silahlardan istifadə edilməsi Yer kürəsində ekoloji problemlərə səbəb olduğunu gözlə də görmək mümkündür. Bəs bunlar Atmosferin yuxarı qatlarında özünü necə biruzə verir?
- Hərbi sursatlardan istifadə edilməsi Yer atmosferinə atılan karbon qazının artmasına gətirib çıxarır. Çünki barıt yanması nəticəsində digər texnikalar işləyir. Bunun hamısından Yer atmosferinə müəyyən karbon qazı emissiyası atılır. 
İnsanlar yerdə adi qaydada istixanalar düzəldir. Orada müəyyən tərəvəzlərin becərilməsi aparılır. Yer atmosferində də istixana effekti yaradan qazlar var. Bunlar karbon, metan, azon qazları və su buxarıdır. Burada su buxarı təbii bir komponentdir. İnsan öz gündəlik fəaliyyətini təmin etmək üçün mütləq sudan istifadə etməyə məcburdur. Atmosferə dənizlərdən, okeanlardan, çaylardan su buxarlanır. Buna qarşı mübarizə bir az müşkül görünür. İkinci komponent çoxluğuna görə karbondur. 
Karbon qazı bizim gündəlik fəaliyyətimiz nəticəsində evdə yandırdığımız, maşınlarımız üçün istifadə etdiyimiz qazdır. Atom və nüvə silahlarının sınaqdan keçirilməsi onların atmosferə atdığı çirklənmələr də yer atmosferində ciddi şəkildə istixana effektini gücləndirir. 
Daş kömür yataqlarından kömür çıxarılarkən atmosferə külli miqdarda metan qazı atılır. Azon da burada təbii komponent kimi görünür. Belə çıxır ki, Yer atmosferinin təxminən 21 faizi oksigendən ibarətdir. Müxtəlif kimyəvi reaksiyalar nəticəsində azonun da konsentrasiyası gündən-günə artır. 
Biz parnik effekti yaradan qazların atmosferə atılmasını həddindən artıq azaltmalıyıq. Azalda bilməsək yer üzündə yaşamaq gündən-günə çətinləşəcək. Buna hər bir insan artıq hiss etməkdədir. 
- Orta illik temperaturun yüksəlməsi barəsində nə deyə bilərsiniz? 
- COP29- un açılış günü qeyd olunduğu kimi təxminən orta illik temperatur 2 dərəcə yüksəlib.  Artıq bunun təzahürlərini hiss edirik. Bəzi yerlərdə həddindən artıq yağıntının çox olması, digər bir yerdə həddindən artıq quraq keçməsi, bəzi yerlərdə həddindən artıq isti olması, təbii fəlakətlərin sayının artması - bunlar hamısı istixana effekti yaradan qazların atmosferə atılmasının nəticələridir. Bəşər övladı yer kürəsində yaşamaq üçün əvvəlki illərə nisbətən daha çox mübarizə aparmağa borcludur. Yer üzərində yaşayan insanların bir nömrəli borcudur ki, bəşər övladının kosmik fəzada yeganə evi olan Yer kürəsini kənar təzürlərdən qorusun.
- Ümumiyyətlə Atmosferin çirkləndirilməsinin mümkün dərəcədə qarşısının alınması üçün hansı işlər görülməlidir?
- Bəşər övladı istəyirsə Yer atmosferinə istixana effekti yaradan qazların atılmasını azaltmalıdır. Bunun üçün birinci növbədə meşələrin qılımasının qarşısını almaq lazımdır. İkincisi isə yaşıllıq zonlarının salınmasını hər gün artırmaq lazımdır. Daha effektiv, faydalı iş əmsalı böyük olan texnologiyalara keçmək lazımdır. Maşınlarda ənənəvi yanacaqların istifadəsindən imtina edib elektrik enerjisiylə işləyən yaxud da hibrid maşınlara keçmək lazımdır. Bundan başqa günəş, külək enerjisindən istifadəni artırmaq lazımdır. Bu da önəmli bir məsələdir. Bunun üçün də Yaponiya və Almaniya kimi ölkələrin günəş və külək enerjisindən istifadə olunmasına nəzər salmaq olar.  Azərbaycanda buna çox yaxşı şərait var. Günəşli günlərdə əsasən günəş batereyalarından istifadə etmək və onların tətbiqini gücləndirmək, küləkli havalarda isə külək elektrik enerjisi istehsalını artırmaq lazımdır. 
- COP29 bu məsələrin həllində rol oynayacaqmı?
- COP29- un Azərbaycanda keçirilməsi bizim üçün qürur hissi verir. Ümid edirik ki, qərarlar qəbul olunar. Ancaq iqtisadi cəhətdən güclü dövlətlərin burada iştirak etməmələri təəssüf doğuran məsələdir. Son dövrlərdə Rusiya- Ukrayna müharibəsi, Yaxın Şərqdə gedən və digər müharibələr gələcəyə olan ümidləri getdikcə azaldır. Ona görə ki, ciddi qərarların qəbul olunması ləngiyir. Hər bir ləngimədə pozulan ekoloji tarazlığın bərpası gündən- günə çətinləşir. Ona görə də Prezident İlham Əliyevin dediyi kimi yaşıl dünya naminə həmrəylik ideyası şüarını rəhbər tutub bütün dünya ölkələrini həmrəyliyə, birliyə, gələcək nəsillərin yer üzündə yaşaması üçün bu həmrəyliyi qorumağa çağırıram.


Banuçiçək Kalbalıyeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il