Naxçıvan: Böyük tarixi kommunikasiyanın yeni ümid və dialoq adası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsinə nəzəri baxış
Müasir dövlət tarixinin inkişafı bilavasitə liderlik amili və bu liderlərin, siyasəti, xarakteri, xarizması və praqmatik qərarların verilməsi ilə sıx bağlıdır. Son əsrlərin təcrübəsi həm də təsdiq edir ki, liderlər dövlətin davamlı inkişafı və xarakterini təsbit etməklə yanaşı onlar öz milli ideologiyalarından çıxış edərək dövlətin davamlılığı və müstəqilliyini qoruyaraq onun fiziki, mənəvi, sosial, iqtisadi, siyasi inkişafını təmin edirlər.
Tarix öz möhtəşəmliyini liderlərin uzaqgörən strategiyasından alır. Liderin siyasi xarakteri və milli iradə dövlətçiliyin təməlini qoyur, onu inkişaf etdirib irəli aparır. Faktların nəzəri təhlili göstərir ki, müasir Azərbaycan dövlətinin Heydər Əliyev–İlham Əliyev mərhələsi tariximizin min illik dövrünün geosiyasi zirvəsi, azərbaycançılıq ideologiyasının ən parlaq təntənəsidir. Vaxtilə Ulu öndər Heydər Əliyev regionda baş verən mürəkkəb daxili və xarici mürəkkəb strukturunda gedən proseslərin fəlsəfəsindən çıxış edərək deyirdi: “Vəziyyət elə gətirmişdir ki, biz öz siyasətimizi sanki nazik bir sap üzərində yeridirik və istənilən anda xırdaca bir səhv nəticəsində hər şey alt-üst ola bilər. Ona görə bu nazik tel üzrə addımlarımızı elə qurmalıyıq ki, nə xarici, nə də daxili təsirlər bizi büdrətməsin və planlaşdırdığımız işi yüksək səviyyədə axıra çatdıra bilək”.
Ölkə başçısı Prezident İlham Əliyev avqust ayının 11- də Naxçıvan Muxtar Respublikasına səfəri kontekstində, yekun olaraq Azərbaycan Televiziyasına müsahibəsi zaman verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan dövlətçiliyinin müasir mərhələsi ənənə ilə müasirliyin, milli maraqlarla bəşəri inkişafın vəhdəti kontekstində sekulyar prinsiplərdən çıxış etdirilərək təsbit olunur və bu yoldakı strateji kurs davamlı və geriyədönməzdir. Bu baxımdan, əslində, mübaliğəsiz qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə müasir Azərbaycanın dövlətçilik strategiyasının, regional liderlik iddialarının və milli təhlükəsizlik arxitekturasının siyasi-fəlsəfi bəyannaməsi kimi də xarakterizə oluna bilər. Başqa formada desək, bu müsahibə sadəcə regional hesabat deyil, qlobal güc balansının dəyişdiyi bir dövrdə rəsmi Bakının gələcək inkişaf arxitekturasındakı strateji hədəflərini ortaya qoyan doktrina xarakterli bir çıxış, gələcəyə praqmatik baxış, realpolitika və fəlsəfi kontekstdə dialoji davamlı inkişafın ideya təhlilidir.
Müsahibənin siyasi-fəlsəfi, sosial-iqtisadi kontekstdə təhlili və əsas tezislərin qısa şərhi fikrimizcə, aşağıdakı kimi təsbit oluna bilər.
Təbii ki, hər kəs – istər regional anlamda, istərsə də dünya miqyasında çox gözəl bilir ki, Naxçıvan Muxtar Respublikası uzun illər boyunca Azərbaycandan ayrı və blokada şəraitində yaşamışdır və bu illər ərzində ən ciddi sınaqlardan keçərək müasir mərhələyə gəlmişdir. 90-cı illərin məşəqqətli dövrünü heç kim unutmayıb və tarixi faktdır ki, əgər həmin illərdə Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etməsəydi Naxçıvanın təhlükəsizlik məsələsi də qeyri-naməlum bir şəraitlə üzləşəcək və ola bilsin ki, işğal faktoru heç bu müqəddəs diyardan da yan keçməyəcəkdi...
Lakin tarixi faktlar təsdiq edir ki, Naxçıvan blokada şəraitində yaşasa da, həmişə Azərbaycan dövləti və onun siyasi rəhbərliyinin diqqət mərkəzində olmuş və bu diqqət və qayğının hesabına məhz o, öz təhlükəsizliyini təmin etdirərək inkişafda olmuşdur.
Müsahibə zamanı jurnalistin elə ilk sualı ilə Cənab Prezidentə: “Bu Sizin Naxçıvana 17-ci səfərinizdir və bu səfər çərçivəsində də olduqca mühüm tədbirlərə şahidlik etdik. Ümumilikdə səfərin təfərrüatlarını, yekunlarını və nəticələrini necə qiymətləndirmək olar?” – müraciəti və ona ölkə başçısı tərəfindən verilən dolğun cavab göstərdi ki, Naxçıvan uzun illər blokada şəraitində yaşasa da, onun inkişafı heç də dayanmamış, əksinə tərəqqi daima davam etmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.
Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir”. Daha sonra ölkə başçısı fikrini praqmatik əsaslarla davam etdirərək qeyd etmişdir:
“Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”. Fakt budur ki, ekspertlər və siyasi analitiklər tərəfindən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Naxçıvanda yeni Komando hərbi hissələrinə döyüş bayraqlarını təqdim etməsi bölgədəki hərbi-strateji balansı kökündən dəyişən qətiyyətli bir addım kimi qiymətləndirilir və bu proses isə əslində regionda yaranan təhlükəsizlik və sülhün davamlılığına təmina təminat yaradır.
Bütövlükdə, ölkə başçısının müsahibə zamanı qeyd etdikləri bir daha təsdiq etdi ki, Azərbaycan dövlətçilik fəlsəfəsində Naxçıvanın Təhlükəsizliyi “Mütləq suverenlik” fəlsəfəsi kontekstində dərk olunmuş və onun hərbi potensialının daima inkişafı fiziki təhlükəsizlik kontekstində aktual olmuşdir. Belə ki, Prezidentin Naxçıvanın müdafiə potensialı və yeni Komando qüvvələri haqqındakı yüksək fikirləri göstərir ki, dövlətin mütləq suverenlik və təhlükəsizlik strategiyası fiziki və milli təhlükəsizlik fəlsəfəsinə əsaslanır. Qeyd edilən tezis onu təsdiq edir ki, “güc vasitəsilə sülh” dövlət başçısının qeyd etdiyi “ən müasir texnika ilə təchizat” fəlsəfi və realpolitika anlamında regional sülhün qorunmasının yeganə yolunun hərbi cəhətdən qüsursuz və çəkindirici gücə malik olmaq ideyasından irəli gəlir. Başqa formada desək, real dünya düzəninin analitik təhlili göstərir ki, real sülhün arxasında mütləq güc faktoru (fikrimizcə, ədalətli güc) çıxış etməlidir, əks təqdirdə sülhün uzun müddət qalıcı olması problematik ola bilər. Alman filosofu Nitsşe anlamında qeyd etsək, bir növ “Əbədi sülh” müasir sivilizasiya üçün hələlik bir xülya kimi görünür. Bu baxımdan Naxçıvanın potensialı artıq yalnız müdafiə xarakterli deyil, regional təhdidləri preventiv şəkildə neytrallaşdıra biləcək hücum-manevr (Komando) fəlsəfəsinə əsaslanır. “Fiziki təhlükəsizlik” məsələsində təbii ki, bu illər ərzində ən əsas məsələ geosiyasi izolasiyanın sındırılması amili idi. Bu isə Azərbaycanın həyata keçirdiyi tədbirlər hesabına İllərdir anklav vəziyyətində yaşayan Naxçıvanın hərbi gücünün yüksək nöqtəyə çatdırılması və onun uzun müddət qeyd olunduğu kimi “zəif bənd” startusundan Azərbaycanın strateji hücum və müdafiə mərkəzlərindən birinə çevrilməsi anlamı deməkdir. Bu baxımdan hazırda Naxçıvan, Tük Dövlətləri birliyi və ümumiyyətlə, Qərb ölkələri, həm də Asiya və region ölkələri üçün son dərəcə bir strateji kommunikativ məkana çevirlməkdir.
Ölkə başçısının enerji təhlükəsizliyi və iqtisadi inkişaf kontekstində qeyd etdikləri faktlar və tezislər göstəri ki, Naxçıvanın əsas ikinci təhlükəsizliyi hesab olunan iqtisadi təhlükəsizlik bilavasitə ölkənin siyasi-iqtisadi gündəliyində dayanan vacib amillərdəndir. “Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın”. Belə ki, Naxçıvanın illər əvvəl Ermənistan tərəfindən enerji blokadasına salınması yaddaşlardadır və bu tarix ən yüksək əlaqə və münasibətlər qurulsa belə unudula bilməz. Çünki indi burada təhlükəsizlik deyərkən yalnız Naxçıvanın və Azərbaycanın enerji təhlükəsizliyindən deyil, söhbət həm də bölgənin bərpa olunan enerji mənbələri hesabına “yaşıl enerji zonası”na çevrilərək Türkiyə və Avropaya enerji ixrac etmək potensialı qazanmasından gedir. Digər fakt ondadır ki, hazırkı enerji təhlükəsizliyi konsepsiyası Naxçıvanı passiv dotasiya alan bölgədən regional investisiya və logistika mərkəzinə keçrilməsinə ciddi imkanlar qazandırır. Təbii ki, bu strateji hədəflərin arxasında böyük siyasət dayanır və Azərbaycanın siyasi rəhbərliyinin atdığı addımlar günbəgün bu hədəflərə doğru regionu yaxınlaşdırır. “Məsələn, əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək”.
Masahibədə vurğulanan əsas tezislərdən biri regionun yeni tale məsələsi olan Zəngəzur Koridorunin açılması məsələsidir. Təhlillər göstərir ki, geosiyasi bağlılıq və Türk Dünyasının İnteqrasiyası məsələsi reallığın son dərəcə vacib geostrateji hadisədir. Yaxud Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi artıq sadəcə iki ölkə arasında lokal layihə deyildir; bu proses qlobal güclərin maraq dairəsində olan böyük geostrateji arxitekturaya çevrilmişdir. Prosesin axını göstərir ki, real iqtisadi münasibətlərdən əldə olunacaq dividentlər bütün tərəflərin ortaq masa ətrafında dialoq və əməkdaşlıqlar üçün ciddi əsaslar verir. Fakt budur ki, bu kontekstdə cari geosiyasi vəziyyət “mifoloji tarixi ideyalar” uğrunda deyil, ciddi maraqlar, praqmatik əsas sütunlar üzərində formalaşır: Qlobal güclər enerji təhlükəsizliyini həyati əhəmiyyətli aktor hesab edirlər. Müsahibə zamanı jurnalistın: Cənab Prezident, budəfəki səfər həm də yeni reallıqlar şəraitində baş tutur. Bu reallıqlardan ən ümdəsi yəqin ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Hansı ki, müharibədən dərhal sonra Siz onun mütləq açılacağını bəyan etmişdiniz, kimin onu istəyib-istəməməsindən asılı olmayaraq. İndi Naxçıvanın dəmir yolunun və Zəngəzur dəhlizinin bərpası və açılması ilə bağlı işlər hansı mərhələdədir?- sualına ölkə başçısı çox dəqiq və praqmatik cavab verərək qeyd etmişdir: “Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”. Şübhəsiz bu prosesə əngəl olmağa çalışan qüvvələr də mövcuddur, lakin ölkə başçısının qeyd etdiyi kimi “Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq”.
“Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik”. Daha sonra ölkə başçısı gedən prosesə mane olan, yaxud biganə yanaşan qüvvələrin fəaliyyətləri nəticəsində ABŞ-in sülhü təşviq edən real qüvvə kimi təşəbbüsə start verilməsini xatırladaraq qeyd etmişdir: “Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi”. Lakin etiraf etmək lazımdır ki, bu məsələ sona kimi dondurulmuş vəziyyətdə qala bilməzdi və “Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir”. Təbii ki, sülhün paraflanması prosesi və Zəngəzur dəhlizinin açılması bir növ bir-biri ilə bağlı olan determinik bir prosesdir. Yəni, artıq heç bir tərəfə sirr deyildir ki, ABŞ-ın dəstəyi ilə irəli sürülən TRIPP təşəbbüsü, Zəngəzur koridoru üzərində beynəlxalq ticarət, dəmir yolu, magistral yollar, o cümlədən fiber-optik və elektrik xətlərinin çəkilməsini nəzərdə tutur. ABŞ-ın bu dəhliz üzrə inkişaf hüquqlarını 99 illik zəmanət altına almaq istəməsi, Vaşinqtonun Şərq-Qərb logistik marşrutunda xüsusi mövqe qazanmaq niyyətindən xəbər verir.
Həmçinin faktların təhlili (və müasir regional güclərin aktivləşməsi) bir daha təsdiq edir ki, Zəngəzur koridorunun açılması Azərbaycan və Türk dünyası, o cümlədən koridorun fəaliyyətə başlamasına tərəfdar olan qüvvələr üçün sadəcə bir nəqliyyat layihəsi deyil, bu həm də ekzistensial problem kimi Azərbaycan üçün “Tarixi ədalətin bərpası” və “Geostrateji birlik” yaxud dialoq və siyasi dialoqa əsaslanan “kommunikativ sivilizasiya” layihəsinin inkişafına xidmət edən yeni geo-fəlsəfi trenddir. Bu trendin, yaxud tarixi atılışın fəlsəfəsi onunla bağlıdır ki, vaxtilə, “parçalanmış coğrafiyanın” indi birləşdirilməsi prosesi gedir. Siyasi-fəlsəfi baxımdan Zəngəzur koridoru 1920-ci illərdə türk dünyasını coğrafi cəhətdən parçalayan qərarın geosiyasi reviziyası – yenidən formalaşdırılması aktıdır. Yəni söhbət ondan gedir ki, hazırda Azərbaycan tarixi ədaləti bərpa etməklə həm də bu koridor vasitəsilə özünü Şərq-Qərb və Şimal-Cənub xətlərinin kəsişməsində əvəzolunmaz “Logistik qovşaq” kimi ortaya qoyur və bu onun tarixi haqqıdır. Həmçinin bu layihə hesabına Azərbaycan Naxçıvanı blokadadan çıxarmaqla yanaşı, Ermənistanı da regional layihələrdən təcrid olunmaq problemindən çıxmaq üçün bir növ seçim qarşısında qoyur: Ya sivil dünyaya inteqrasiya, ya da özünütəcrid. Əsl həqiqətdə, Paşinyan hökumətinin Zəngəzur koridoruna nisbətən loyal münasibətlərinin kökü həm də buradan gəlir: Onlar anlayırlar ki, İkinci Qarabağ savaşında və Antiterror əməliyyatlarında Azərbaycan tərəfinə uduzmaların səbəbi hələ bu əməliyyatlara qədər beyinlərdə və ideologiyada Azərbaycan tərəfinə uduzmaları ilə baş vermişdir. Çünki, Ermənistanın uzun illər rəsmi dövlət və kilsə aparatının siyasətindən fərqli olaraq, Ulu Öndər Heydər Əliyevin təsbit etdiyi və Prezident cənab İlham Əliyevin dövlətçilik siyasətində – Azərbaycançılıq ideologiyasının əsaslarında dialoq, dialoq fəlsəfəsi, siyasi dialoq və sülh və təhlükəsizlik məsələləri həmişə əsas aparıcı qüvvə kimi çıxış etmişdir. Təbii ki, vaxtilə, Qərb bu siyasəti üzdə deməsə də, əksər məqamlarda şüuraltı təqdir edir və Azərbaycanın balanslaşdırılmış əməkdaşlıq (coğrafi yerləşmə, din, dil, iqtisadi güc, əhali sayı, regional təzyiqlər və s.) siyasətini nəzərə alınaraq yeritdiyi humanitar-mədəni-siyasi kursuna önəm verirdi.
Biz məqalənin əvvəlində tarixdə liderlərin rolundan, onların öz xalqları və dövlətlərinin tarixində yaratdığı davamlı inkişafın əsaslarından qısa formada bəhs etdik və qeyd etdik ki, əslində dünya tarixinin inkişaf və atılışlarının məhz mərkəzində liderlik amili dayanır və liderin bir növ siyasəti və xarakteri dövlət və dövlətçiliyin qarşılıqlı olaraq xarakteri və taleyinə çevrilir. Prezident seçilməsinin 20 illiyi ərəfəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev keçilmiş uzun və mürəkkəb son illəri xatırlayaraq qeyd edirdi: “Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun dvamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək”. Ölkə başçısının Naxçıvan səfəri və oradan xalqa və regiona verdiyi mesajın əsas fəlsəfəsi də məhz bundan ibarət idi: ... Azərbaycanın dövlət siyasəti dayanıqlı və davamlıdır və uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcəkdir. Bu yol əbədi və dönməzdir.
Nəticə olaraq qeyd edək ki, Prezident İlham Əliyevin Naxçıvan müsahibəsinin fəlsəfi xülasəsi son dərəcə dərindir və o müasir inkişafımızın bir növ yeni ideya əsaslarının ən vacib sütunlarından birini təşkil edir: Güclü ordu, daxili iqtisadi-enerji müstəqilliyi, milli-mənəvi dəyərlərin qorunması, praqmatik xarici siyasət, mehriban qonşuluq münasibətləri, Davamlı İnkişafın və regional mütləq Suverenliyin yeganə təminatçısıdır. Təhlillər göstərir ki, bir zamanlar blokada şəraitində yaşayan Naxçıvan indi tarixi əsaslardan çıxış edərək Şərq və Qərb dialoqunun məhz açarı rolunu oynamağa konsolidasiya olunur. Təbii ki, bu son dərəcə incə və praqmatik siyasətin nəticəsidir. Yəni bir növ, Naxçıvan bu strategiyanın həm sınaq meydanı, həm də Azərbaycanın qələbə və dirçəliş simvolu kimi çıxış edərək yeni kommunikativ sivilizasiyanın əlaqələndirici şah damarına çevrilir. Zəngəzur koridorunun açılması Ermənistan və regional gücləri konfrontasiyaya deyil, daha böyük dialoq və əməkdaşlıqlara (Şərq-Qərb, Şimal- Cənub) sövq edəcəkdir. Naxçıvanda yaradılan hərbi balansa gəldikdə isə bu balans regional sülhün təşviqinə real imkanlar yaratmaqla bərabər, Asiya enerji potensialının Avropa bazarları ilə müştərək mübadilə qarantına dəstək rolunda çıxış edəcəkdir.

13:12 14.08.2026
Oxunuş sayı: 48