Medvedevdən sərt mesaj: Müharibə Rusiyanın şərtləri ilə bitəcək
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ekspert şurası ilə görüşdə Ukraynadakı müharibə və Rusiya ilə Qərb arasındakı qarşıdurma barədə bir sıra açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Medvedevin sözlərinə görə, Qərb hər zaman Rusiyanı və onun tarixini ləğv etmək istəyib, lakin hazırda bu istək dəhşətli və həyasız formada üzə çıxıb.
O bildirib ki, müharibə yalnız Rusiyanın şərtləri əsasında başa çatacaq və ya dayandırılacaq.
Medvedev Rusiyanın hərbi əməliyyatlara baxmayaraq sosial məsələləri həll etmək iqtidarında olduğunu və dövlətin ciddi dayanıqlılıq resursuna malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, müharibənin qəhrəmanları hazırda cəmiyyət arasındadır və bu, müharibə və Rusiyanın bu müharibədəki yeri barədə həqiqətlərin insanlara çatdırılması üçün imkan yaradır.
Medvedev müharibəyə qarşı çıxan bəzi şəxslərin mövqeyini cahillik və şüursuzluq, digərlərini isə alçaqlıqla əlaqələndirib.
O, həmçinin müharibə veteranlarının məktəblərə gedərək öz qəhrəmanlıqları barədə şagirdlərə danışmalı olduğunu bildirib. Medvedev bunu Sovet dövründə Böyük Vətən müharibəsi veteranlarının məktəblərdə çıxış etməsi ənənəsi ilə müqayisə edib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Kiyev rejiminin Rusiya ordusu ilə deyil, ölkə vətəndaşları ilə müharibə apardığını iddia edib. Onun sözlərinə görə, buna görə də marketpleyslər zərbələrin hədəfinə çevrilir.
Medvedev əlavə edib ki, Rusiya ilə Qərb arasındakı qarşıdurma müharibə başa çatdıqdan sonra da davam edəcək.
21:00 12.08.2026
Oxunuş sayı: 45