175 milyonluq qalmaqalın sonu: Blogerə həbs cəzası verildi
Rusiyada məhkəmə azərbaycanlı bloger Hüseyn Həsənovu cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edib.
Crossmedia.az xəbər verir ki, "Gazeta.ru" bu barədə məlumat yayıb.
Məlumata görə, Moskvanın Presnenski Rayon Məhkəməsi Hüseyn Həsənov barəsində hökm çıxarıb. Məhkəmə həmçinin Presnenski rayonunda yerləşən və dəyəri 46 milyon rubl (təxminən 979 min manat) olan qeyri-yaşayış obyektinin dövlətin xeyrinə müsadirə edilməsinə qərar verib.
İstintaq materiallarına əsasən, Hüseyn Həsənov 2019–2021-ci illərdə dövlət büdcəsinə 175 milyon rubl (təxminən 3,72 milyon manat) məbləğində vergi ödəməyib. Bildirilir ki, həmin vəsaitin bir hissəsi daşınmaz əmlakın alınmasına yönəldilərək leqallaşdırılıb.
Qeyd olunur ki, bloger sonradan Federal Vergi Xidməti qarşısındakı borcunu tam ödədiyi üçün vergidən yayınma ittihamı onun üzərindən götürülüb. Hazırda onun BƏƏ-də yaşadığı ehtimal edilir.
Hüseyn Həsənov isə çirkli pulların yuyulması ittihamını qəbul etməyib. Onun vəkili Mixail Yusupov bildirib ki, bloger vergi borcunu çoxdan bağlayıb və ümumilikdə dövlət büdcəsinə təxminən 300 milyon rubl (təxminən 6,38 milyon manat) ödəyib.
16:38 04.08.2026
Oxunuş sayı: 63