Ermənistan özünü çətin vəziyyətə salır: “Belə məsələlərdə zarafat etmək olmaz”
Ermənistanın son dövrlərdə həm Qərblə, həm də Rusiya ilə paralel münasibətlər qurmağa çalışması, eyni zamanda NATO ilə hərbi əməkdaşlığını genişləndirməsi regionda geosiyasi müzakirələri yenidən gündəmə gətirib. Rəsmi İrəvanın bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) öhdəliklərini formal şəkildə saxlaması, digər tərəfdən isə Qərb institutları ilə əlaqələrini dərinləşdirməsi onun xarici siyasət kursu ilə bağlı ciddi suallar doğurur. Ekspertlər hesab edirlər ki, bu cür ziddiyyətli siyasət Ermənistanın etibarlı tərəfdaş imicinə mənfi təsir göstərməklə yanaşı, regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda ölkənin strateji seçimlərini daha da mürəkkəbləşdirir.

Ermənistanın xarici siyasətdə hansı geosiyasi mərkəzi prioritet seçəcəyi ilə bağlı qeyri-müəyyənlik beynəlxalq müstəvidə müzakirə olunan əsas mövzulardan biri olaraq qalır. Ekspertlər hesab edirlər ki, rəsmi İrəvanın həm Rusiya, həm də Qərblə paralel siyasət aparmaq cəhdləri onun etibarlı tərəfdaş imicinə mənfi təsir göstərir. Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az- a danışıb: "Ermənistanın ümumiyyətlə geosiyasi aləmdə davranışı, tutduğu mövqe ondan xəbər verir ki, bu ölkənin subyektliyi yarımçıqdır. Çünki Ermənistan taleyüklü məsələlərlə bağlı dəqiq qərarlar verə bilmir. Bu, ilk növbədə, onun xarici siyasət vektoruna da aiddir. Belə ki, Ermənistan dünya birliyi qarşısında hansı mövqedən çıxış etdiyini, hansı mərkəzlərlə strateji münasibətlər qurmaq istədiyini dəqiq müəyyənləşdirməlidir. Onun əsas müttəfiqi Rusiyadırmı, Amerika Birləşmiş Ştatlarıdırmı, Avropa İttifaqıdırmı, yoxsa başqa bir qüvvədir?
Bu məsələlər özünəməxsus lakmus kağızı rolunu oynayır. Əgər Ermənistan birmənalı şəkildə Avropa İttifaqına inteqrasiyanı seçibsə, bunu parlamentdə müzakirə edib qərar qəbul edibsə, həmin istiqamətdə ardıcıl fəaliyyət göstərməlidir. O zaman bəlli olar ki, İrəvanın seçimi Brüssel və Qərbdir. Əgər Amerika Birləşmiş Ştatlarını seçirsə, bunu da açıq şəkildə nümayiş etdirməlidir. Ermənistanın ABŞ ilə imzaladığı xartiya var. Azərbaycanın da ABŞ ilə belə bir sənədi mövcuddur.
Yəni bəlli olmalıdır ki, bu ölkə gələcəkdə hansı mərkəzlərlə əməkdaşlıq etmək, hansı istiqamətdə fəaliyyət göstərmək niyyətindədir. Rusiyadır, yoxsa Qərb? Qərbin özü də müxtəlif mərkəzlərdən ibarətdir. Hazırda isə bütün bu məsələlər qeyri-müəyyən vəziyyətdə qalıb. Təsadüfi deyil ki, Qərbin müxtəlif institutları Ermənistanla sözün əsl mənasında oyun oynayırlar. Rusiya bunu yaxşı başa düşür, lakin hələlik bununla bağlı qəti qərar verməyə tələsmir. Çünki faktiki olaraq Rusiyanın xarici siyasətində və hərbi doktrinasında Ermənistanın əvvəlki qədər mühüm rolu yoxdur. Ermənistan Rusiya üçün daha çox Cənubi Qafqazda istifadə oluna biləcək bir platsdarm rolunu oynayır”.
O, bildirib ki, əslində Ermənistan özü-özünü çətin vəziyyətə salır: “Bir neçə stulda oturmağa çalışır, ikili standartlarla davranır və öz seçimini açıq şəkildə bəyan etmir. Bu baxımdan, keçirilən təlimlərə mən normal yanaşıram. Azərbaycanın da NATO ilə əməkdaşlıq proqramları var. Məsələn, "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq edirik. ABŞ və NATO qüvvələri ilə sülhməramlı missiyalarda iştirak etmişik. Bu, təbii prosesdir. Amma Azərbaycan heç vaxt bəyan etməyib ki, məqsədi NATO-ya üzv olmaqdır. Ermənistan isə burada qeyri-səmimi davranır. Hamını gözləntidə saxlayır. Bir tərəfdən Moskvaya "mən səninləyəm" mesajı verir, digər tərəfdən eyni sözü Qərbə deyir. Atdığı addımlar göstərir ki, İrəvanın sözləri ilə əməlləri bir çox hallarda üst-üstə düşmür. Hesab edirəm ki, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasının 49 illik müddətə fəaliyyət göstərməsi Moskva üçün mühüm təminatdır. Rusiya bununla göstərir ki, regionda fiziki olaraq mövcuddur və yaxın perspektivdə buradan çıxmaq niyyətində deyil. Ermənistan isə bu vəziyyətdən istifadə edərək nümayişkaranə davranış sərgiləyir, Rusiyanı guya ondan uzaqlaşacağı ilə qorxutmağa çalışır, Qərbə isə Rusiya ilə qarşıdurma apardığını göstərmək istəyir. Lakin bu, olduqca qeyri-ciddi yanaşmadır. Özünə hörmət edən dövlətin siyasi elitası belə davranmaz. Çünki bu cür siyasət ölkənin nüfuzuna xələl gətirir. Bir gün bir söz deyib, ertəsi gün onun əksini söyləmək dövlətlərarası münasibətlərdə qəbuledilməzdir. Halbuki müttəfiqlik münasibətləri uzunmüddətli planlar, ortaq baxışlar və qarşılıqlı etimad əsasında qurulur. Azərbaycanın timsalında da bunun nə qədər ciddi məsələ olduğunu görürük. Burada eksperimentlərə yol vermək mümkün deyil”.
Müsahibimizin sözlətinə görə, Ermənistan bu cür cılız siyasəti özü üçün məqbul hesab edirsə, bu, ilk növbədə onun özü üçün utancverici göstəricidir: “Sağlam düşüncəli, subyektliyini qoruyan və gələcəyini düşünən dövlətlər nüfuzlarını ciddi və ardıcıl siyasətlə qazanırlar. Ermənistanın qeyri-ciddi ölkə kimi qiymətləndirilməsi təsadüfi deyil, bu, reallığın özüdür. Üstəlik, görünür ki, Ermənistan özü də sanballı geosiyasi subyektə çevrilməyə tələsmir. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qələbəsi fonunda Ermənistanın siyasi elitası, bəzi ictimai qüvvələri və revanşist dairələri hələ də bu reallığı qəbul edə bilmirlər. Bir tərəfdən revanşist çağırışlar səslənir, digər tərəfdən isə müharibədən yorulduqlarını bildirirlər. Seçkilərin nəticələri də göstərdi ki, Ermənistan cəmiyyətinin əksəriyyəti müharibəyə "yox" dedi. Amma bu, onların sülhə tam şəkildə "hə" dedikləri anlamına gəlmir. Onlar sülhə də tələsmirlər. Halbuki tarix göstərir ki, ən çətin mübarizə məhz sülh uğrunda aparılır. Müharibələr gec-tez başa çatır, lakin əsas məsələ sonrakı sülh prosesini uğurla idarə etməkdir. Azərbaycan Ermənistana sülhlə bağlı təkliflərini təqdim edib. Ermənistan isə bunu düzgün qiymətləndirmir, bəlkə də eyforiya içərisindədir. Bu isə artıq onun öz problemidir.
Hesab edirəm ki, rəsmi İrəvan bu məsələlərə ciddi yanaşmalı, öz geosiyasi seçimi barədə aydın mövqe ortaya qoymalı və digər mərkəzləri qeyri-müəyyənlik içində saxlamamalıdır. Çünki belə məsələlərlə zarafat etmək olmaz".
Zeynəb Həsən
15:00 01.08.2026
Oxunuş sayı: 58