Taylandın baş naziri Pattayada rusların qətli ilə bağlı üzr istəyib
Taylandın Baş naziri Anutin Çanvirakun Pattaya şəhərində iki Rusiya vətəndaşının qətlə yetirilməsi ilə bağlı üzr istəyib və hadisənin ölkənin turizm imicinə zərbə vurduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın "TASS" agentliyi bu barədə məlumat yayıb.
Baş nazir hadisənin baş verdiyi Pattaya şəhərinə səfəri zamanı açıqlama verib.
"Baş verənlərə görə üzr istəyirik. Bu hadisə Taylandın imicinə və turizm sahəsinə olan etimada zərbə vurub. Belə hallar nadir baş versə də, hökumət bunun bir daha təkrarlanmaması üçün etimadı bərpa etmək məqsədilə təcili tədbirlər görməlidir", - deyə Çanvirakun bildirib.
O qeyd edib ki, Tayland hakimiyyəti istintaq və məhkəmə prosesinin sürətləndirilməsi üçün çalışacaq.
Baş nazirin sözlərinə görə, hücum edən şəxslərin motivləri sadə soyğunçuluqdan daha geniş olub. Cəmiyyətdə cəzaların sərtləşdirilməsi ilə bağlı çağırışlara münasibət bildirən Çanvirakun ölkədə ölüm hökmünün qüvvədə qaldığını və xüsusilə təhlükəli təkrar cinayət törədən şəxslər barəsində məhkəmə qərarı çıxarıldığı halda hökmün icrasının təmin ediləcəyini deyib.
Məlumata görə, Çonburi vilayət polisinin xüsusi təyinatlı əməkdaşları şənbə günü beş nəfərin qətli işi üzrə dörd şübhəlini Pattaya əyalət məhkəməsinə aparıb.
Qətlə yetirilənlər arasında 22 yaşlı Diana Nazimova və onun 17 yaşlı qardaşı Roman Nazimov da olub. Onların cəsədləri Pattayanın cənubunda meşəlik ərazidə basdırılmış vəziyyətdə tapılan üç nəfərlik Tayland ailəsinin cəsədləri yaxınlığında aşkarlanıb.
Şübhəlilər rusiyalıları hərəkət etdikləri motosikleti ələ keçirmək məqsədilə öldürdüklərini etiraf ediblər. Gənclərlə əlaqə iyulun 26-da səhər saatlarında evdən çıxdıqdan sonra kəsilib.
14:19 01.08.2026
Oxunuş sayı: 54