Ya vətəndaşlıqdan imtina, ya da hərbi xidmət
Ermənistanda azyaşlı oğlanların vətəndaşlıqdan imtina etməsi ilə bağlı göstəricilər diqqət çəkir. Rəsmi məlumatlara əsasən, 2025-ci ildə ölkədə 18 yaşına çatmamış təxminən 2 800 oğlan Ermənistan vətəndaşlığından çıxıb. Bu rəqəmin əvvəlki illə müqayisədə təxminən 30 faiz artdığı bildirilir. Bu tendensiyanı əsasən gələcəkdə məcburi hərbi xidmətdən yayınmaq istəyi ilə əlaqələndirirlər. Eyni zamanda, 2018–2024-cü illər ərzində ümumilikdə 11 830 azyaşlı oğlanın Ermənistan vətəndaşlığına xitam verildiyi qeyd olunur.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra ölkənin demokratik inkişafı ilə bağlı ciddi irəliləyişlər müşahidə olunmayıb:
“Əksinə, bu müddətdə ölkədə əhalinin sayında azalma baş verib. Nəzərə alsaq ki, 1989-cu ildə keçirilən əhalinin siyahıyaalınmasına əsasən Ermənistanda 3 milyondan artıq əhali qeydə alınmışdı, həmin rəqəmə Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlı da daxil edilmişdi. Bu isə əhalinin sayının süni şəkildə artırılması demək idi. Buna baxmayaraq, son 35 il ərzində Ermənistan əhalisinin sayı davamlı olaraq azalma tendensiyası göstərib. Bunun əsas səbəbləri ölkədəki sosial-iqtisadi problemlər, uzun illər münaqişə şəraitində yaşaması, insanların daha yaxşı həyat və qazanc əldə etmək məqsədilə ölkəni tərk etməsi, eləcə də ermənilərin ümumilikdə miqrasiyaya meyilli olmasıdır. Hazırda ermənilərin ən çox köç etdiyi ölkələrdən biri Rusiyadır. Hətta Rusiyada yaşayan ermənilərin sayının Ermənistanda yaşayan ermənilərdən çox olduğu bildirilir”.
Politoloq son illərdə xüsusilə gənclərin, o cümlədən çağırış yaşında olan oğlanların Ermənistan vətəndaşlığından imtina edərək ölkəni tərk etməsi halları barədə isə qeyd edib ki, bu tendensiya bir neçə amillə bağlıdır:
“Birincisi, Ermənistanın hələ də tam formalaşmış dövlət kimi özünü təsdiq edə bilməməsidir. İkincisi, ölkədəki sosial-iqtisadi vəziyyət və gələcəklə bağlı əhali arasında aydın perspektivin olmaması, insanların ümidlərinin azalmasıdır. Digər mühüm amil isə Ermənistanın qonşu ölkələrlə, xüsusilə Azərbaycanla münasibətlərinin tam normallaşmaması və sülh müqaviləsinin hələ də imzalanmamasıdır. Bu vəziyyət Ermənistan cəmiyyətində belə bir fikir formalaşdırır ki, gələcəkdə Azərbaycanla yenidən müharibə baş verə bilər. Bu, müəyyən mənada Ermənistan cəmiyyətində mövcud olan düşüncə tərzi ilə də bağlıdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə və torpaqlarını işğaldan azad etməsinə baxmayaraq, Ermənistan cəmiyyətində hələ də revanşist mövqedə olan kifayət qədər ciddi bir kəsim mövcuddur. Həmin qüvvələrin son seçkilərdə parlamentdə təmsil olunması da bunu göstərir. Bütün bunlar Ermənistan cəmiyyətində Azərbaycanla davamlı sülhə inamın zəifləməsinə, gələcəklə bağlı ümidlərin azalmasına və müharibə ehtimalı ilə bağlı narahatlıqların artmasına təsir göstərir. Xüsusilə hərbi xidmət yaşına çatan oğlanların və onların valideynlərinin ölkəni tərk etməyə üstünlük verməsi də əsasən bu amillərlə əlaqədardır”.
Məhəbbət Tərlanoğlu
16:00 30.07.2026
Oxunuş sayı: 40