Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Agentliyin həyata keçirdiyi qiymətləndirmənin nəticələrinə əsasən bazar biotəhlükəsizlik tələblərinə uyğun yenidən qurularaq istifadəyə verilib.
Bildirilib ki, bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə cavab verən infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb.
Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr yaradılıb, su və yem təchizatı, işıqlandırma, həmçinin tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.
AQTA xatırladıb ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları da fəaliyyətə başlayıb.
15:32 29.07.2026
Oxunuş sayı: 35