14 nəfər xəstəxanalıq oldu: ARAŞDIRMA BAŞLADILDI
Zaqatalada baş verən dönərdən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmalara başlayıb.
Crossmedia.az xəbər verir ki, Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından AQTA-nın 1003 Çağrı Mərkəzinə rayon ərazisində yerləşən “Real” kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.
Qeyd olunub ki, AQTA əməkdaşları tərəfindən araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qida məhsullarından nümunələr götürülərək laborator analizə cəlb olunub.
Bununla yanaşı, “Real” kafesində plandankənar yoxlama aparılıb və obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
AQTA bildirib ki, araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək.
14:40
Zaqatalada dönərdən kütləvi zəhərlənmə hadisəsi olub.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, bu gün saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.
Məhəbbət Tərlanoğlu
15:10 29.07.2026
Oxunuş sayı: 42