Rusiya "dalanda": Səfərbərlik gözlənilir
Rusiyada yeni səfərbərlik ehtimalı ilə bağlı yayılan məlumatlar təkcə hərbi deyil, regionda miqrasiya və daşınmaz əmlak bazarına da təsir göstərməyə başlayıb. İddialara görə, mümkün səfərbərlikdən yayınmaq istəyən rusların Ermənistana axını kirayə bazarında qiymətlərin sürətlə artmasına səbəb olub.

Hərbi ekspert Heydər Mirzə Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiyada yeni səfərbərlik ehtimalı həm rusiyalı, həm də ukraynalı hərbi analitiklər tərəfindən aktiv şəkildə müzakirə olunur:
"Hazırda cəbhədə əməliyyat-strateji vəziyyətə baxdıqda tərəflər arasında faktiki olaraq pat vəziyyəti müşahidə olunur. Hər iki tərəfin genişmiqyaslı hücum imkanları olsa da, hücum əməliyyatları üçün yüksək hazırlıqlı və keyfiyyətli insan resurslarına ehtiyac var. Müdafiə mövqelərində ehtiyat qüvvələrdən istifadə etmək mümkündür, lakin hücum əməliyyatlarında peşəkar şəxsi heyət həlledici rol oynayır".
Ekspert qeyd edib ki, 2024-cü ildən etibarən hər iki tərəf ənənəvi hücumlardan daha çox uzaqmənzilli zərbə vasitələrinə üstünlük verməyə başlayıb:
"Son dövrlərdə pilotsuz uçuş aparatları, raketlər və aviasiyanın rolu daha da artıb. Zərbələr əsasən mülki və ikili təyinatlı infrastruktura yönəldilir. Bu, müharibənin xarakterinin dəyişdiyini göstərən əsas amillərdən biridir".
H.Mirzə vurğulayıb ki, son həftələrdə Ukraynanın uzaqmənzilli PUA hücumları Rusiya üçün ciddi problemlər yaradıb:
"Rusiya son həftələr ərzində Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının bir sıra uğurlu hücumları ilə üzləşib. Rusiya da cavab zərbələri endirir, lakin hazırkı mərhələdə təşəbbüs daha çox Ukrayna tərəfində görünür".
Ekspert bildirib ki, Rusiyada yalnız hərbi deyil, eyni zamanda iqtisadi və logistika problemləri də dərinləşməkdədir:
"Yanacaq çatışmazlığı, əhalinin miqrasiyası və logistika problemləri gündəlik həyata və biznes fəaliyyətinə ciddi təsir göstərir. Mövsümi kənd təsərrüfatı işləri də bu səbəbdən çətinliklərlə üzləşir".
O, hesab edir ki, bu amillər Rusiyanın yeni səfərbərlik qərarı vermə ehtimalını artırır:
"Düşünürəm ki, Rusiya hərbi komandanlığı yeni səfərbərlik qərarı qəbul edə bilər. Yay mövsümü başa çatmamış orta miqyaslı hücum əməliyyatına cəhd göstərilməsi ehtimalı da istisna deyil".
Müsahibimiz əlavə edib ki, Ukrayna tərəfi də gözlənilməz addımlar atmaq potensialını qoruyur:
"Ukrayna daha əvvəl Kursk istiqamətində keçirdiyi xüsusi əməliyyatlarla bunun mümkün olduğunu nümayiş etdirmişdi. Ümumiyyətlə, yayın sonu bu coğrafiyada hücum əməliyyatları üçün əlverişli dövr hesab olunur. Hesab edirəm ki, yaxın həftələrdə hər iki tərəfin atacağı addımlar müharibənin növbəti mərhələsinin istiqamətini müəyyənləşdirəcək".
Nigar Xəlilli
16:00 29.07.2026
Oxunuş sayı: 49