Gözünüzün önündəki təhlükə - MÜSAHİBƏ
Yay aylarında gün eynəyi təkcə dəb aksesuarı deyil, həm də gözləri Günəşin zərərli ultrabənövşəyi (UV) şüalarından qoruyan vacib vasitədir. Buna baxmayaraq, bir çox insan eynək seçərkən onun keyfiyyətinə deyil, yalnız görünüşünə və qiymətinə diqqət yetirir. Halbuki bazarda UV qoruması olmayan, keyfiyyətsiz gün eynəkləri də kifayət qədərdir. Belə eynəklər gözləri qorumaq əvəzinə, əksinə, görmə orqanına daha ciddi zərər vura bilər.

Məsələ ilə bağlı Crossmedia.az-a cərrah-oftalmoloq Kəmalə Mustafayeva müsahibə verib.
- Gün eynəyi taxmaq göz sağlamlığı üçün nə dərəcədə
vacibdir?
- Gün eynəyi günəşin ultrabənövşəyi (UV) şüalarından gözləri qoruyur. Uzun
müddət UV şüalarına məruz qalmaq gözün həm ön, həm də arxa strukturlarına zərər
verə bilər. Keyfiyyətli gün eynəyi bu riski azaldır, görmə rahatlığını artırır
və göz yorğunluğunun qarşısını alır.
- Günəşin UV şüaları gözlərə hansı zərərləri verə bilər?
- UV şüalarının həm qısamüddətli, həm də uzunmüddətli mənfi
təsirləri var. Qısamüddətli təsirlərə göz ağrısı, sulanma, işığa həssaslıq və
fotokeratit (gözün buynuz qişasının zədələnməsi) daxildir. Uzunmüddətli təsirlər
isə kataraktanın yaranma riskinin artması, pterigium (gözə ət gəlməsi),
pingvekula və bəzi tor qişa (göz dibi) xəstəliklərinin inkişafına səbəb ola bilər.
- UV qoruması olmayan gün eynəkləri hansı təhlükələri
yaradır?
- Əgər gün eynəyində UV filtri yoxdursa, o yalnız işığın
parlaqlığını azaldır, lakin zərərli ultrabənövşəyi şüaların qarşısını almır. Bu
zaman göz bəbəyi genişlənir və nəticədə gözə daha çox UV şüası daxil olur. Belə
hallarda göz, ümumiyyətlə eynək taxmamaqla müqayisədə daha çox zərər görə bilər.
- Tünd rəngli, lakin UV filtri olmayan eynəklər niyə daha təhlükəli
hesab edilir?
- Tünd rəngli şüşələr insanı aldada bilər. Belə eynəklərdə göz özünü daha rahat hiss etsə də, bəbək genişləndiyi üçün zərərli UV şüaları gözün içinə daha çox daxil olur. Buna görə də eynəyin tünd rəngli olması deyil, 100 faiz UV qorumasına malik olması əsas şərtdir.

- Gün eynəyi seçərkən hansı göstəricilərə diqqət edilməlidir?
-Gün eynəyi seçərkən ilk növbədə onun 100 faiz UV qorumasına
(UV400) malik olmasına diqqət yetirilməlidir. Bundan əlavə, CE işarəsinin və ya
digər etibarlı beynəlxalq standartlara uyğunluq nişanının olması vacibdir. Şüşələrin
optik keyfiyyəti yüksək olmalı, görüntünü təhrif etməməli, eynək üzü yaxşı örtərək
yan tərəflərdən daxil olan işığı da maksimum azaltmalıdır. Polarizasiya isə əlavə
üstünlükdür. Bu xüsusiyyət su, qar və asfalt kimi səthlərdən əks olunan
parıltını azaldır, lakin UV qorumasını əvəz etmir. Bunlar fərqli xüsusiyyətlərdir.
- Bahalı eynək həmişə keyfiyyətli deməkdirmi?
-Xeyr. Eynəyin baha olması onun daha yaxşı qoruduğu anlamına gəlmir. Qiymət çox vaxt marka və dizaynla bağlı olur. Əsas meyar eynəyin 100 faiz UV qorumasına malik olması, optik keyfiyyətinin yüksək olması və etibarlı istehsalçı tərəfindən hazırlanmasıdır.
- Uşaqlar üçün gün eynəyi seçərkən hansı məqamlara xüsusi
diqqət yetirilməlidir?
-Uşaqların gözləri ultrabənövşəyi şüalara qarşı daha həssas
olduğundan onlar üçün seçilən gün eynəyi mütləq 100 faiz UV qorumasına malik
olmalıdır. Eynəyin şüşələri qırılmaya davamlı materialdan hazırlanmalı, çərçivəsi
rahat olmalı və uşağın üzünə tam oturmalıdır. Yay aylarında, xüsusilə günün pik
saatlarında uşaqlar açıq havada olarkən gün eynəyindən istifadə etmələri tövsiyə
edilir. Körpələr isə birbaşa günəş şüalarından əsasən kölgə vasitəsilə
qorunmalıdır.
- Kimlər mütləq gün eynəyindən istifadə etməlidir?
- Əslində açıq havada olan hər kəs gün eynəyi taxmalıdır. Lakin bəzi insanlar üçün bu daha vacibdir. Bunlara uşaqlar və yeniyetmələr, gün ərzində uzun müddət açıq havada çalışanlar, sürücülər, dəniz, hovuz və qar örtüklü ərazilərdə olan şəxslər, katarakta əməliyyatı keçirmiş insanlar, işığa həssaslığı və ya müəyyən göz xəstəlikləri olan pasiyentlər daxildir. Bu qruplar üçün keyfiyyətli gün eynəyindən istifadə göz sağlamlığının qorunmasında mühüm rol oynayır.
Məhəbbət Tərlanoğlu
11:00 29.07.2026
Oxunuş sayı: 153