Tozlu hava təhlükəsi: Bu fəsadları bilmədən çölə çıxmayın
Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraiti atmosfer havasının keyfiyyətini pisləşdirib. Mütəxəssislər bildirirlər ki, küləyin təsiri ilə havada tozun miqdarının artması xüsusilə tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər üçün əlavə risk yarada bilər. Bu hava şəraitinin sabah günorta saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən pulmonoloq Əsəd Beydullayev bildirib ki, gözəl Bakı şəhəri nə qədər gözəldirsə, bir o qədər də tozludur:
"Son günlər Bakı şəhərində havanın çirklənmə səviyyəsi normadan bir neçə dəfə yüksəkdir. Bu isə təbii ki, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi problem yaradır. Bizə olan müraciətlərdə də bunu müşahidə edirik. Mümkün qədər tənəffüs yolu xəstəliklərindən, xüsusən də allergik astma və allergik rinitdən əziyyət çəkən insanların belə havalarda gündüz saatlarında açıq havada olmamaları tövsiyə olunur. Onların daha çox qapalı məkanlarda vaxt keçirmələri məsləhətdir. Zərurət yarandıqda çölə çıxarkən maskadan istifadə etmək, gəzintiləri isə mümkün qədər axşam saatlarına, avtomobil hərəkətinin daha az olduğu vaxtlara salmaq tövsiyə edilir."
Vətəndaşlar belə havalarda öz sağlamlığını qorumalı, havanı nəzərə almalıdır.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, atmosferdə müşahidə olunan tozun miqdarı normadan yüksək olaraq qalacaq və vəziyyətin günün ikinci yarısına qədər davam edəcəyi proqnozlaşdırılır. Tozlu hava əsasən güclü şimal-qərb küləyinin quru torpaq səthindən toz kütlələrini qaldırması ilə əlaqədardır. Sabah Bakıda hava əsasən günəşli olacaq. Havanın temperaturunun 31°C-yə qədər yüksələcəyi, şimal küləyinin isə gün ərzində güclü əsəcəyi gözlənilir.
Məhəbbət Tərlanoğlu
19:30 27.07.2026
Oxunuş sayı: 47