Azərbaycan torpaqların konsolidasiyasına dair Türkiyə təcrübəsini öyrənir
Azərbaycan torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsini öyrənir.
Crossmedia.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, ölkə Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi üzrə tədbirin icrası çərçivəsində Dünya Bankı ilə birgə Qəbələ və Salyan rayonlarında torpaqların konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub.
Pilot layihələrin həyata keçirilməsində Türkiyə təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Nazirliyin mütəxəssisləri ilə birlikdə Qəbələ və Salyan rayonlarında pilot layihələrin həyata keçiriləcəyi ərazilərə baxış keçiriblər. Ərazidə aparılan müşahidələr zamanı torpaq sahələrinin mövcud vəziyyəti, suvarma infrastrukturu və yerli şərait qiymətləndirilib. Həmçinin yerli icra hakimiyyətlərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Sahələrdə aparılan ilkin təhlillər nəticəsində Qəbələ və Salyanda müəyyən edilmiş ərazilərin Azərbaycanda ilk dəfə həyata keçiriləcək torpaq konsolidasiyası layihələrinin icrası üçün əlverişli olduğu qeyd edilib. Türkiyə təcrübəsi əsasında layihələrin həyata keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ilə birgə ilkin yol xəritəsi hazırlanaraq müzakirə olunub.
Həyata keçirilən əməkdaşlıq torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, pilot layihələrin uğurla icrasına, eləcə də Azərbaycan və Türkiyə arasında aqrar sahədə tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək.
17:59 27.07.2026
Oxunuş sayı: 53