Hövsanda nəzarətsiz ərazidə 13 yaşlı qız batıb
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas edilib.
Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə və küləkli hava şəraitində dənizə girməməyə çağırır.
16:12 27.07.2026
Oxunuş sayı: 56