Binədə iki avtobus toqquşdu, 22 nəfər xəsarət aldı
Bakının Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 22 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Bu barədə TƏBİB-dən Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumata əsasən, iyulun 24-də saat 08:00 radələrindən etibarən hadisə nəticəsində 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər isə (hamısı kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzə çatdırılan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində isə yaralılara baş, bədən və ətrafların travmaları, eləcə də sınıqlar diaqnozları təyin olunub, müvafiq tibbi yardım göstərilib.
TƏBİB-in məlumatına görə, vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü bir qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Digər 12 nəfərin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Məhəbbət Tərlanoğlu
10:51 24.07.2026
Oxunuş sayı: 37