ABŞ Senatında Çin avtomobillərinə qadağa nəzərdə tutan qanun layihəsi təqdim olunub
ABŞ Senatına Çin avtomobil istehsalçılarının ölkə bazarına çıxışını tam məhdudlaşdıra biləcək qanun layihəsi təqdim edilib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Qanun layihəsinə əsasən, səhmlərinin 15 faizdən çoxu Çin şirkətlərinin nəzarətində olan minik avtomobillərinin ABŞ-da satışı qadağan edilə bilər. Bundan əlavə, batareyaların idarəetmə proqram təminatı, rabitə və peyk naviqasiyası sistemlərinə dair tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.
Amerikalı qanunvericilər bu addımı milli təhlükəsizliklə əsaslandırırlar. Onların fikrincə, Çin texnologiyaları ilə təchiz olunan avtomobillər ABŞ vətəndaşlarına dair həssas məlumatları gizli şəkildə toplayaraq xaricə ötürə bilər.
Qanun hələ qəbul olunmasa da, onun ətrafında ciddi müzakirələr başlayıb. Xüsusilə səhmlərinin 20 faizi Çinin "Geely" avtomobil konserninə məxsus olan "Mercedes-Benz" şirkətinin layihəyə dəyişikliklər edilməsi üçün fəal lobbiçilik apardığı bildirilir. Şirkət məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Bu təşəbbüs artıq avtomobil istehsalçılarının strategiyasına da təsir göstərib. "General Motors" "Buick Envision" modelinin istehsalını 2028-ci ilə qədər yenidən ABŞ-a köçürəcəyini açıqlayıb. "Ford" da Çində istehsal olunan "Lincoln" avtomobillərinin istehsalını ölkəyə qaytarmağı planlaşdırır. "Google" şirkətinin törəməsi olan "Waymo" isə "Geely" ilə əməkdaşlıqdan imtina edərək amerikalı tərəfdaşlarla işləməyə qərar verib.
Bununla yanaşı, faktiki olaraq "Geely" tərəfindən idarə olunan İsveç markası "Polestar" 2027-ci ildən etibarən ABŞ bazarını tamamilə tərk edə biləcəyini açıqlayıb. "Volvo Cars" isə hələlik ciddi şərtlərlə fəaliyyətini davam etdirmək üçün müvəqqəti icazə alıb.
17:38 23.07.2026
Oxunuş sayı: 67