Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya ekstradisiya edilib
Rusiyada ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qırğızıstan vətəndaşı Azərbaycandan Rusiya Federasiyasına ekstradisiya olunub.
Crossmedia.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti əsasında 1994-cü il təvəllüdlü Tadjimatov Kamoliddin Salicanoviçin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə ekstradisiyası Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bildirilib ki, o, Rusiyada yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilir və beynəlxalq axtarışa verilib.
Tadjimatov Kamoliddin Salicanoviç 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.
17:45 22.07.2026
Oxunuş sayı: 51