"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
Crossmedia.az-ın məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.
Qərara əsasən, vəkillərin İlduzə Hacıyevanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət təmin olunub. Həmçinin apellyasiya şikayəti məhkəmə baxışına verilib. Qərarda qeyd olunub ki, şikayətə məhkəmə istintaqı aparılmaqla baxılacaq.
Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.
İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.
Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.
12:42 22.07.2026
Oxunuş sayı: 60