Putin səfərbərlik qərarını verməyə qorxur
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya kütləvi raket zərbələri endirməklə ölkədə yeni səfərbərlik elanını təxirə salmağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝TVP World˝ nəşrinin siyasi redaktoru Stüart Douell yazıb.
Onun fikrincə, yeni səfərbərlik Rusiyaya daha çox hərbçi qazandıra bilərdi, lakin eyni zamanda milyonlarla rus ailəsinə təsir göstərər və 2022-ci ildə olduğu kimi cəmiyyətdə narazılıq yarada bilər.
Müəllif hesab edir ki, hazırda Moskva Ukraynaya kütləvi raket hücumlarına üstünlük verir. Onun sözlərinə görə, Rusiya ballistik raketlərdən istifadə tempini artırıb və Ukrayna ilə müttəfiqləri raket əleyhinə müdafiə sistemləri üçün ehtiyatları eyni sürətlə bərpa edə bilmir.
Analitik qeyd edib ki, Qərb bu çatışmazlığı payız və qış aylarınadək tam aradan qaldıra bilməyəcək.
Bununla yanaşı, yazıda bildirilib ki, Rusiya quru əməliyyatlarında çətinliklərlə üzləşir: hücumların tempi zəifləyir, itkilərin sayı isə yeni cəlb olunan hərbçilərin sayını üstələyir.
Müəllifin fikrincə, əgər raket hücumları, Ukraynanın enerji sisteminə təzyiq və Qərbə yönəlmiş təzyiq siyasəti nəticə verməsə, Putin yeni səfərbərliyə müraciət edə bilər.
Lakin belə bir addımın da mərhələli şəkildə həyata keçiriləcəyi ehtimal edilir ki, 2022-ci ildə olduğu kimi rus vətəndaşları kütləvi şəkildə ölkəni tərk etməyə başlamasın.
00:17 21.07.2026
Oxunuş sayı: 68